EN

ÜST xəbərdarlıq edir: Konqo və Uqandada Ebola riski yüksəkdir

Bakı, 21 may, AZƏRTAC

Konqo Demokratik Respublikasında və Uqandada Ebola virusunun yayılma riski milli və regional səviyyələrdə yüksəkdir, lakin qlobal risk aşağı olaraq qalır.

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə ÜST-nin komitə iclasında deyib. Onun sözlərinə görə, mayın 20-dək təxminən 600 yoluxma və 139 ölüm hadisəsi qeydə alınıb. Konqo Demokratik Respublikasının şimal əyalətlərində 51 yoluxma hal təsdiqlənib, lakin ölkədə epidemiyanın real miqyası bundan xeyli genişdir.

ÜST-nin Baş direktoru ciddi narahatlıq doğuran bir neçə faktoru sadalayıb.“Birincisi, virusun epidemiya aşkarlanmazdan əvvəlki uzunmüddətli gizli dövrünü nəzərə alsaq, bu rəqəmlərin artacağını gözləyirik. İkincisi, epidemiya geniş əraziyə yayılıb: bir neçə şəhər aqlomerasiyasında yoluxmalar üzə çıxır. Üçüncüsü, səhiyyə işçiləri arasında qeydə alınan ölüm halları virusun tibbi xidmətlər göstərilməsi prosesində də yayıldığını sübut edir. Dördüncüsü, epidemiya zonasında əhalinin sıx hərəkəti müşahidə olunur. Nəhayət, beşincisi, epidemiya heç bir peyvənd və ya müalicəsi olmayan virusdan qaynaqlanır”, - deyə o bildirib.

Mediada yayılan məlumata görə, hazırkı epidemiya Konqo Demokratik Respublikasında 17-ci Ebola epidemiyasıdır. Əvvəlki epidemiya 2025-ci ilin avqust ayında baş verib və 34 nəfərin ölümünə səbəb olub. Ölkədə ən böyük epidemiya 2018-ci ildən 2020-ci ilədək davam edib və təxminən 2 min 300 ölüm hadisəsi ilə nəticələnib. Ümumilikdə isə son 50 ildə Afrikada bu xəstəlikdən 15 min nəfər ölüb.

Chosen
29
3
azertag.az

4Sources