2025-ci ildə dünya üzrə şəhər əhalisinin sayı təxminən 4,8 milyard nəfərə çatıb. 2050-ci ilə qədər isə bu rəqəmin 6,5 milyarda yüksələcəyi proqnozlaşdırılır.
APA xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının statistik, iqtisadi və sosial tədqiqat və təlim mərkəzinin baş direktoru Zehra Zümrüt Selçuk WUF13 çərçivəsində keçirilən “Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi” adlı sessiyada bildirib.
O bildirib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrə gəldikdə isə, hazırda şəhər mərkəzlərində 1,1 milyarddan çox insan yaşayır:
“Praktik baxımdan bu o deməkdir ki, həmin şəhərlər yaxın gələcəkdə daha 750 milyon insanı qəbul etməli olacaq.
Eyni zamanda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrinin qlobal urbanizasiya prosesində payı da artır. 2025-ci ildə dünya şəhər əhalisinin təxminən dörddə biri OECD ölkələrində yaşayırdısa, 2050-ci ilə qədər bu göstəricinin 30 faizə yaxınlaşacağı gözlənilir. Bu isə onu göstərir ki, OECD üzv ölkələrində urbanizasiya meylləri dünyanın digər regionları ilə müqayisədə daha sürətli inkişaf edəcək”.