BTQ-nin Qlobal Cənub Gənclər Platformasının beynəlxalq təqdimatı
Mayın 20-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfrans dünyanın müxtəlif ölkələrini təmsil edən gənclər tərəfindən yaradılan Qlobal Cənub Gənclər Platformasının ilk beynəlxalq tədbiri kimi yadda qaldı. Konfransda ilk dəfə BMT-nin Gənclər Ofisinin nümayəndələri, indiki və keçmiş müstəmləkələri təmsil edən Qlobal Cənub Gənclər Platformasının üzvləri – gənc tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış ekspertlər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri daxil olmaqla ümumilikdə 22 ölkədən nümayəndə iştirak edirdi.
BTQ-nin icraçı direktoru Abbas Abbasov bildirdi ki, iki mərhələdən ibarət görüşlər zamanı platformanın gələcək fəaliyyəti ilə bağlı qərarların qəbul edilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu qərarlar sırasında Qlobal Davamlı Gənclər Platformasına yeni üzvlərin qəbul olunması, gələcəkdə əməkdaşlıq ediləcək beynəlxalq təşkilatların müəyyənləşdirilməsi, həmçinin tədbirlərin hansı ölkələrdə və hansı beynəlxalq təşkilatların qərargahlarında keçirilməsi kimi məsələlər yer alır. A.Abbasov onu da qeyd etdi ki, platformaya yeni üzv olan ölkə və ərazilər sırasında Misir, Boneyra və Seint Martin də var.
Tədbirdə Sent-Vinsent və Qrenadinlər hökumət başçısının müşaviri Bayron Riçard-Koks Karib dənizində yerləşən Boneyra adasında yerli əhalinin mövcud idarəetmə sistemindən narazılığın artmaqda davam etdiyini vurğuladı. Onun sözlərinə görə, son dövrlər keçirilən beynəlxalq forumlarda təqdim olunan hesabatlar göstərir ki, Boneyra xalqı Niderlandın adadakı konstitusiya quruluşundan və idarəçiliyindən ciddi şəkildə narazıdır: “Boneyradakı siyasi müstəqillik və özünüidarəetmə istəyi uğrunda xalqın iradəsini ortaya qoyan mühüm tarixi mərhələlər mövcuddur. Ümumiyyətlə, adada Niderland asılılığına son qoyulmasını tələb edən güclü xalq hərəkatı formalaşıb. 2004 və 2015-ci illərdə keçirilən səsvermələrdə və xüsusilə 2013-cü ildə toplanan kütləvi imzalar vasitəsilə ada sakinləri Niderland hökmranlığını açıq şəkildə rədd ediblər. 2015-ci il referendumu beynəlxalq hüququn əsas prinsiplərindən olan "öz müqəddəratını təyin etmə" şüarı altında keçirilib və xalqın müstəqil gələcək qurmaq istəyini hüquqi müstəviyə daşıyıb”.
Daha sonra Qlobal Cənub Gənclər Platformasının Keniyadan olan üzvü Brayan Nqiqi Mutoni bildirdi ki, hökumətlər və institutlar gənclərin rəhbərlik etdiyi təşəbbüslərə sərmayə qoymalı, yerli təşkilatları dəstəkləməli və gənclərin şəhər gələcəyinin formalaşmasında fəal iştirakına imkan verən siyasət həyata keçirməlidirlər: “Gənclərin diplomatiyada, şəhər planlaşdırmasında, iqlim idarəçiliyində və vətəndaş cəmiyyəti rəhbərliyində təmsil olunması simvolik xarakter daşımamalı, strukturlaşdırılmış və daimi olmalıdır. Qlobal Cənub Gənclər Platformasından olan gənclər olaraq biz həm tarixi ədalətsizliklərin yaddaşını, həm də daha ədalətli gələcək nümunəsini daşıyırıq”.
“Global Family Media” şirkətinin əməliyyatlar üzrə direktoru, “Ruanda Gender Media Şurası” idarə heyətinin üzvü Umuhoza Natete Verite söylədi ki, şəhərlər insan ləyaqətinin ya qorunduğu, ya da zədələndiyi, imkanların ya genişləndirildiyi, ya da məhdudlaşdırıldığı, davamlılığın isə tətbiq edildiyi, təxirə salındığı məkanlardır: “Gənclərin bu proseslərdən kənarda qalması, sabah şəhərlərin həm uğurlarını, həm də uğursuzluqlarını miras alacaq nəsli nəzərə almamaq deməkdir. Gənclərin proseslərdə iştirakı təkcə məsləhətləşmə ilə məhdudlaşmamalıdır. Onların həm də nəticələrə təsir etməsi, siyasətləri formalaşdırması və institutları hesabatlı saxlaması üçün səlahiyyətləndirilməsi vacibdir. Gənclər idarəetmə strukturlarına inteqrasiya olunduqda şəhər inkişafı daha həssas, innovativ və ədalətli olur. Əgər biz həqiqətən inklüziv və dayanıqlı şəhərlər qurmaq istəyiriksə, gənclər şəhər siyasətinin gələcəyini formalaşdıran bərabər tərəfdaşlar kimi tanınmalıdır”.
Siyasi elmlər üzrə tədqiqatçı Mpiga İvala Angelica Desire XQ-yə açıqlamasında bildirdi ki, WUF13 çərçivəsində BTQ-nin dəstəyi ilə biz öz şəhərlərimizin hər birində mövcud olan struktur problemləri, artımın idarə olunması və rasional inkişafla bağlı çağırışları, eyni zamanda, şəhərləri daha dayanıqlı, davamlı və inklüziv etmək üçün dekolonial yanaşmaların rolunu müzakirə etdik: “Dekolonizasiya artıq siyasi və tarixi anlayışdan daha çox şəhər planlaşdırmasında ədalətin, resursların bərabər bölüşdürülməsinin və yerli icmaların qərarvermə proseslərinə real şəkildə daxil edilməsinin əsas prinsipidir. Sözügedən prosesdə gənclərin rolu xüsusilə vacibdir. Çünki onlar mövcud ədalətsizlikləri daha dərindən dərk edir, alternativ inkişaf modelləri təklif edə bilirlər. Hazırda şəhərlərin bugünkü strukturu həm də tarixi qeyri-bərabərliklərin, mərkəzləşdirilmiş idarəetmə modellərinin və kolonial irsin davam edən təsirlərinin məhsuludur. Əfsuslar olsun ki, bir çox regionlarda hələ də mərkəz–əyalət balanssızlığı, kənddən şəhərə nəzarətsiz köç və şəhərlərin qeyri-bərabər inkişafı kimi problemlər mövcuddur”.
Sonda qeyd edək ki, BTQ konfransda dekolonizasiya proseslərinin şəhərsalma ilə əlaqəsini və Qlobal Cənub gənclərinin bu sahədə artan rolunu bir daha gündəmə gətirdi.
Merna Suhail Issa Alzurikat,
BMT İnkişaf Proqramının iordaniyalı məsləhətçisi
İlk növbədə vurğulamaq istərdim ki, müstəmləkəçilik heç vaxt, sadəcə, siyasi nəzarət mexanizmi olmayıb. Daha çox iqtisadi, sosial transformasiyanın zorakı forması sayılıb. Kolonial sistemlər torpaq mülkiyyətini yerli xalqlardan alaraq onu xarici idarəetmə və iqtisadi maraqların xidmətinə verdi, resursları sistemli şəkildə istismar etdi və icmaları öz tarixi-coğrafi məkanlarından qopararaq yeni məcburi yaşayış və əmək strukturlarına daxil etdi. Təəssüf ki, həmin prosesin nəticələri bu gün şəhərlərin planlaşdırılmasında, torpaq bölgüsündə və mənzil siyasətlərində özünü göstərir. Bu məcburi transformasiya uzunmüddətli nəticələr doğurdu. Kolonial dövrdə qurulan şəhər planlaması modelləri çox vaxt ikili struktur üzərində qurulurdu. Bir tərəfdə imtiyazlı zonalar, digər tərəfdə isə kənarlaşdırılmış, sıxlaşdırılmış və resurslardan məhrum edilmiş məkanlar.
Prosesdə gənclərin rolu həlledicidir. Gənclər şəhərlərə yeni baxış gətirən, köhnə ədalətsizlikləri sual altına alan və alternativ inkişaf modelləri təklif edən sosial aktorlardır. Onların gücü praktik dəyişiklik yaratmaq qabiliyyətindədir. Çünki bu gün məhz gənclər icma əsaslı təşəbbüslər qurur, şəhər planlamasında iştirak tələb edir, sosial media və qlobal şəbəkələr vasitəsilə görünməyən problemləri görünən edir. Bu, yeni tip vətəndaşlıq formasıdır.
Nəzrin ELDARQIZI
XQ