EN

Bakı-Moskva qatarı da bərpa olunur?

Mayın 26-dan Bakı-Tbilisi sərnişin qatarının fəaliyyətinin bərpa olunacağı açıqlandıqdan sonra Bakı-Moskva dəmiryol xəttinin yenidən işə düşməsi ehtimalı da müzakirə mövzusuna çevrilib. Maraqlıdır, Rusiyadan belə bir təşəbbüs gələrsə, Bakı-Moskva sərnişin qatarının fəaliyyəti yenidən bərpa oluna bilərmi?

Mövzu ilə bağlı Publika.az-a danışan iqtisadiyyat üzrə ekspert Razi Abasbəyli bildirdi ki, Bakı-Moskva arasında dəmiryol xəttinin açılması və sərnişin daşımalarının bərpası nəzəri baxımdan mümkündür. Lakin praktik müstəvidə bir sıra ciddi maneələr mövcuddur:

"İlk növbədə nəzərə almaq lazımdır ki, Bakı-Moskva qatarının əsas marşrutu Şimali Qafqaz istiqamətindən keçir və bu bölgədə təhlükəsizlik məsələləri xüsusi həssaslıq daşıyır. Qatarın hərəkət trayektoriyası boyunca təhlükəsizliyin təmin olunması ilə bağlı ciddi risklər qalır. Hazırda Rusiyanın müxtəlif bölgələrində, hətta Moskva ətrafında belə Ukrayna hərbi qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının hücumları müşahidə olunur. Bu baxımdan dəmiryolu xəttinin bərpası təhlükəsizlik riskləri ilə müşayiət edilir".

Ekspertin sözlərinə görə, Bakı-Moskva sərnişin qatarının fəaliyyətinin bərpasına mane olan başqa amillər də var:

"Bunlardan biri Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyalardır. Faktiki olaraq, bu sanksiyalar sözügedən marşrutun yenidən istifadəyə verilməsini çətinləşdirən əsas səbəblərdən hesab olunur. Əgər Azərbaycanın quru sərhədlərindən istifadə xüsusi rejimlə tənzimlənməsəydi, Bakı-Moskva qatarının fəaliyyəti ilə bağlı müəyyən müzakirələr aparmaq mümkün olardı. Lakin hazırda həm Azərbaycanın quru sərhədləri xüsusi rejim əsasında fəaliyyət göstərir, həm də Rusiya ərazisində davam edən hərbi münaqişə təhlükəsizlik baxımından əlavə problemlər yaradır. Məhz təhlükəsizlik riskləri və beynəlxalq sanksiyalar indiki mərhələdə Azərbaycanla Rusiya arasında dəmiryolu ilə sərnişin daşımalarının bərpasını çətinləşdirir".

Chosen
26
1
publika.az

2Sources