Bakı, 21 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak mənim üçün ilk təcrübə oldu və tədbirin doğma şəhərim Bakıda keçirilməsi xüsusi məna daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında aerokosmik tədqiqatlar sahəsində nüfuzlu beynəlxalq “Top 100 Women in Aerospace & Aviation 2025” reytinqində üçüncü yerin sahibi olan azərbaycanlı gənc alim Sona Quliyeva bildirib.
Sona Quliyeva qeyd edib ki, forumda Turin Politexnik Universiteti və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) nümayəndəsi qismində iştirak edir.
“Forum çərçivəsində OECD-nin Azərbaycanla əməkdaşlığı nəticəsində bir sıra sessiyalar təşkil etdik, həmçinin yerli qurumlarla görüşlərdə iştirak etdik”, – deyə S.Quliyeva vurğulayıb.
Sona Quliyevanın sözlərinə görə, Bakıda keçirilən beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili və xarici tərəfdaşlardan, qonaqlardan eşitdiyi müsbət rəylər onda qürur hissi yaradıb.
Bildirib ki, belə tədbirlərin Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq imicinin möhkəmlənməsinə xidmət edir və xüsusilə gənclər, tələbələr üçün yeni imkanlar açır.
Gənc alim vurğulayıb ki, WUF13-ün təşkili bir daha göstərdi ki, Bakı artıq beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirildiyi mühüm qlobal mərkəzlərdən birinə çevrilib və bu, qürurverici haldır.