EN

Aydın Xəlilov: İnklüziv mühit cəmiyyətin bütün üzvlərinin ictimai həyata bərabər şəkildə qoşulmasına xidmət edir

Bakı, 21 may, AZƏRTAC

Təşkilatımız artıq 22 ildir ki, fəal şəkildə fəaliyyət göstərir və bu illər ərzində biz əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə məşğuluq. Əsas hədəfimiz və fəlsəfəmiz əlilliyi olan fərdlərin müstəqil həyat sürmək imkanlarını genişləndirməkdir. Ümumdünya Şəhərsalma Forumunun (WUF) gündəliyinin və burada içtirakımızın əsas qayəsi şəhərlərin tam inklüzivliyinin təmin olunmasıdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi İctimai Birliyinin sədri Aydın Xəlilov deyib.

O bildirib ki, inklüziv mühitin formalaşdırılması cəmiyyətin bütün üzvlərinin ictimai həyata bərabər şəkildə qoşulmasına xidmət edir.

"Hərəkət məhdudiyyəti olan şəxslər üçün pandus, lift və eskalatorlar quraşdırılmalı, görmə məhdudiyyətli insanlar üçün Brayl əlifbası, relyefli nişanlar və səsli bələdçi sistemləri tətbiq edilməlidir. Eşitmə məhdudiyyətli şəxslər üçün jest dili mütəxəssislərinin xidməti və elektron tablolar təmin olunmalı, mental əlilliyi olan insanlara isə kütləvi məkanlarda xüsusi köməkçilər dəstək göstərməlidir. Çünki onlar da cəmiyyətin bərabərhüquqlu üzvləridir və bütün ictimai imkanlardan faydalanmaq hüququna malikdirlər. Vurğulamaq istəyirik ki, inklüziv şəhərlər təkcə əlilliyi olan şəxslər üçün deyil, bütövlükdə hamı üçün nəzərdə tutulub", - deyə A.Xəlilov əlacə edib.

Chosen
41
azertag.az

1Sources