EN

Bakıda “Şəhərlər üçün izahlı lüğət”in təqdimatı keçirildi

BAKI, 21 may. TELEQRAF

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Azərbaycan pavilyonunda memarlıq və şəhərsalma sahəsində vahid terminologiyanı təmin edəcək yeni nəşr təqdim olunub.

Teleqraf xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov şəhərlər üçün belə bir izahlı lüğətin ərsəyə gətirilməsini olduqca dəyərli və vaxtında atılmış bir təşəbbüs kimi qiymətləndirib.

Komitə rəsmisi son illərdə bu sahədə beynəlxalq əməkdaşlığın genişləndiyini diqqətə çatdırıb:

“Təxminən son beş il ərzində, rəsmi olaraq isə bəlkə də daha uzun müddətdir ki, biz beynəlxalq tərəfdaşlarla aktiv iş birliyi qurmuşuq. Təkcə dövlət qurumu olaraq biz deyil, eləcə də yerli şirkətlər, memarlar və xüsusilə memarlıq və şəhərsalma sahəsində fəaliyyət göstərən gənc mütəxəssislər beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edirlər”.

R.Cahangirovun sözlərinə görə, mövcud qlobal əməkdaşlıq kontekstində ortaq peşəkar dilin olması xüsusi əhəmiyyət kəsb edir:

“Bu lüğət memarlar, şəhərsalma mütəxəssisləri və bütövlükdə bu sahəyə maraq göstərən hər bir şəxs üçün olduqca faydalı və praktiki bir alət olacaq. Nəşr sahə üzrə terminologiyanın vahid formada tətbiq edilməsinə, həmçinin ən aktual və fundamental anlayışların daha dərindən dərk olunmasına mühüm töhfə verəcək”.

Şöbə müdiri əlavə edib ki, sözügedən təşəbbüs tələbələr, gənc memarlar və akademik mühit üçün də xüsusilə faydalı mənbə rolunu oynayacaq.

Qeyd edək ki, lüğətin müəllifləri Cəmilə İsmayılzadə, Şücaət Əhmədzadə, Nuriyyə Həsənova, Nərmin Tağırlı və Murad Cəbrayılovdur.

Chosen
47
1
teleqraf.com

2Sources