Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Şəhərlərin inkişafı və texnologiyalar: ağıllı şəhərlər və əqli mülkiyyət” mövzusunda beynəlxalq sessiya təşkil olunub.
AzEdu.az xəbər verir ki, Sessiya Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsinin prezidenti Qriqori İvliyevin moderatorluğu ilə keçirilib. Moderator çıxışında vurğulayıb ki, müasir şəhərlərin inkişafı artıq yalnız memarlıq və tikinti məsələsi deyil, eyni zamanda innovasiya, texnologiya və əqli mülkiyyətin qorunması ilə sıx bağlı olan kompleks inkişaf modelidir. O qeyd edib ki, patent sistemi yeni texnologiyaların təşviqində və innovasiya mühitinin formalaşmasında mühüm rol oynayır.
Sessiyada Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova geniş məruzə ilə çıxış edib. Rektor bildirib ki, gələcəyin ağıllı şəhərləri rəqəmsal texnologiyaların tətbiqi ilə yanaşı, insanmərkəzli, ekoloji dayanıqlı, innovativ və elmi əsaslara söykənən yanaşmalarla formalaşmalıdır. Onun sözlərinə görə, şəhərlərin dayanıqlı inkişafında universitetlərin, elmi-tədqiqat mərkəzlərinin və innovasiya ekosisteminin rolu olduqca vacibdir.
Professor Gülçöhrə Məmmədova qeyd edib ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti memarlıq, şəhərsalma, tikinti, mühəndislik və texnologiya istiqamətlərində ölkənin aparıcı elmi-təhsil mərkəzlərindən biri olaraq gələcəyin şəhərlərinin formalaşdırılmasına töhfə verir. Rektor çıxışında universitetdə əqli mülkiyyət sahəsinin inkişafına xüsusi önəm verildiyini də diqqətə çatdırıb. Bildirib ki, AzMİU-da fəaliyyət göstərən Əqli mülkiyyət kafedrası bu istiqamətdə mühüm akademik platformadır və kafedraya Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanovun elmi rəhbərlik etməsi bu sahədə elmi tədqiqatların genişlənməsinə, innovativ düşüncənin təşviqinə və işin daha effektiv təşkilinə ciddi təkan verir.
Avrasiya Patent İdarəsinin prezidentinin müşaviri Emil Məmmədov çıxışında şəhər texnologiyaları, enerji səmərəliliyi, infrastruktur və ağıllı həllər sahəsində mövcud Avrasiya patentləri barədə məlumat verib, innovativ ideyaların hüquqi qorunmasının iqtisadi inkişaf baxımından əhəmiyyətini vurğulayıb.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Gülnarə Rüstəmova çıxışında universitetlərlə əməkdaşlığın əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasında vacib rol oynadığını, elmi müəssisələrdə patent fəallığının artırılmasının innovasiya ekosisteminin güclənməsinə xidmət etdiyini qeyd edib.
Sessiyaya onlayn qoşulan Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının kafedra müdiri Veronika Smirnova əqli mülkiyyət sahəsində ixtisaslaşmış təhsil proqramlarının aktuallığından danışaraq, tikinti, urban inkişaf və memarlıq kimi sahələrdə bu istiqamətdə peşəkar hazırlığın artıq qlobal tələbə çevrildiyini bildirib.
Biznes sektorunu təmsil edən “Gazprombank-İnvest” şirkətinin direktoru Vladimir Ksenzdovski tikinti sahəsində rəqəmsal texnologiyaların tətbiqinin layihələrin idarə edilməsində səmərəliliyi artırdığını və innovativ yanaşmaların daha keyfiyyətli şəhər mühitinin qurulmasına imkan yaratdığını vurğulayıb.
Vol.Na memarlıq emalatxanasının təsisçisi, memar Vladimir Pomyalov isə yaradıcı memarlıq ideyalarının hüquqi qorunmasının kiçik və orta biznes üçün vacibliyindən danışıb.
Sessiyada şəhərsalma, ağıllı şəhərlər, innovasiya, patentləşmə, yaşıl texnologiyalar və urban inkişafın gələcəyi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Sessiyada Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov, agentliyin nümayəndələri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professor-müəllim heyəti, xarici qonaqlar, beynəlxalq ekspertlər və biznes ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, WUF13 Azərbaycanın beynəlxalq şəhərsalma və dayanıqlı inkişaf gündəliyində artan rolunu nümayiş etdirən mühüm qlobal platformadır. AzMİU-nun bu nüfuzlu beynəlxalq tədbirdə iştirakı universitetin memarlıq, şəhərsalma, innovasiya və beynəlxalq elmi əməkdaşlıq istiqamətində mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.
