EN

Fəxri memarlıq doktoru İlham Əliyev və Azərbaycanın yeni geosiyasi obrazı

Kiyev Milli İnşaat və Memarlıq Universitetinin dövlət başçımıza fəxri elmi ad verməsi diplomatiya və yumşaq güc elementlərini özündə birləşdirir

Kiyev Milli İnşaat və Memarlıq Universiteti Azərbaycan Prezidenti İlham Əliyevə fəxri doktor adı verməsi qərarını əsaslandırarkən Azərbaycanda müasir təhsilin, elmin və şəhərsalma sahəsinin inkişafına verilən töhfələri, eyni zamanda, Ukrayna–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində göstərilən səyləri xüsusi vurğulayır. XXI əsrdə şəhərsalma siyasəti, ali təhsil sistemi, texnoloji modernləşmə və humanitar platformalar geosiyasi təsir alətlərinə çevrilib. Azərbaycan isə xüsusilə postneft transformasiyası mərhələsində özünü regional modernizasiya və beynəlxalq kommunikasiya mərkəzi kimi təqdim edir. Yeni yanaşmada urbanizasiya siyasəti, yaşıl transformasiya, rəqəmsal idarəçilik, ağıllı şəhər konsepsiyası və beynəlxalq forum diplomatiyası bir-biri ilə əlaqəli strateji istiqamətlər kimi çıxış edir.

Bakının son illər keçirdiyi beynəlxalq tədbirlər, COP platformasından Ümumdünya Şəhərsalma Forumuna qədər uzanan yol göstərir ki, Azərbaycan beynəlxalq legitimliyini qlobal inkişaf gündəliyinə inteqrasiya yolu ilə gücləndirməyə çalışır. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Azərbaycanın beynəlxalq sistemdə özünə yeni geosiyasi və siyasi-kommunikasiya statusu formalaşdırmaq strategiyasının mühüm elementinə çevrilib. WUF13 vasitəsilə Azərbaycan paralel şəkildə bir neçə siyasi mesaj verməyə çalışır. İlk növbədə rəsmi Bakı qlobal tədbirlərin və beynəlxalq siyasi kommunikasiya proseslərinin keçirildiyi mərkəz statusu qazanmağa çalışır. Eyni zamanda, ağıllı şəhər diskursuna inteqrasiya olmaq niyyətini nümayiş etdirir. Forumun başqa mühüm geosiyasi tərəfi isə Bakının Şərqlə Qərb arasında çevik kommunikasiya platforması kimi təqdim edilməsidir. Azərbaycan özünü müxtəlif siyasi və sivilizasiya mərkəzləri arasında əlaqələndirici aktor kimi göstərməyə çalışır.

Bu kontekstdə İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universiteti tərəfindən Fəxri doktor adı verilməsi məskunlaşma siyasəti, dövlət idarəçiliyi və beynəlxalq modernizasiya modelinin müəyyən səviyyədə beynəlxalq tanınmasının rəmzi davamı kimi görünür. Xüsusilə bunun məhz WUF13 çərçivəsində baş verməsi Azərbaycanın diplomatiya xəttinin beynəlxalq legitimlik əldə etməsi baxımından diqqət çəkən detal hesab oluna bilər.

Qlobal sistemin getdikcə daha çox qütbləşdiyi, böyük güclər arasında rəqabətin dərinləşdiyi bir mərhələdə Bakı klassik geosiyasi seçim modelindən fərqli davranmağa çalışır. Azərbaycan nə tam şəkildə müəyyən ideoloji blok daxilində mövqe tutur, nə də passiv neytrallıq siyasəti yürüdür. Əksinə, ölkə müxtəlif güc mərkəzləri ilə paralel münasibətlər qura bilən və fərqli siyasi platformaları eyni məkanda birləşdirən çevik diplomatik arxitektura formalaşdırmağa çalışır.

Azərbaycan modeli aktiv çoxtərəflilik üzərində qurulur. Bakı müxtəlif beynəlxalq aktorlarla eyni vaxtda işləməyi, rəqabət aparan siyasi mərkəzlər arasında kommunikasiya kanalları yaratmağı və özünü dialoq platforması kimi təqdim etməyi prioritetə çevirib. Məhz buna görə Bakıda bir tərəfdən Türk Dövlətləri Təşkilatının inteqrasiya gündəliyi müzakirə olunur, digər tərəfdən COP kimi qlobal iqlim platformaları keçirilir, eyni zamanda, Ukrayna universiteti Azərbaycan Prezidentinə Fəxri doktor adı təqdim edir. Bakı bununla özünü müxtəlif geosiyasi və sivilizasiya xəttlərinin kəsişmə nöqtəsi kimi təqdim etməyə çalışır. Əslində, Azərbaycan burada “transregional düyün” modeli qurur. Yəni ölkə siyasi, iqtisadi, humanitar və kommunikasiya əlaqələrinin birləşdiyi çoxvektorlu platformaya çevrilmək istəyir.

Belə bir geosiyasi yanaşmanın mühüm tərəfi ondan ibarətdir ki, Azərbaycan öz beynəlxalq mövqeyini paralel şəkildə siyasi kommunikasiya, forum diplomatiyası, urban platformalar, humanitar əməkdaşlıq və yaşıl transformasiya vasitəsilə yeni beynəlxalq status formalaşdırmağa çalışır. Bakının formalaşdırmağa çalışdığı yeni geosiyasi identiklikdə multikultural və transregional obraz xüsusi əhəmiyyət daşıyır. Azərbaycan uzun illərdir beynəlxalq auditoriyaya özünü müxtəlif sivilizasiyaların, dinlərin və mədəniyyətlərin kəsişmə nöqtəsi kimi təqdim edir. Bakı şəhəri memarlıq, urban məkan və vizual simvollar vasitəsilə geosiyasi mesaj ötürən siyasi platformaya çevrilir.

Azərbaycan bu vizual və siyasi estetika vasitəsilə bir neçə paralel fikir formalaşdırmağa çalışır. İlk növbədə Bakı həm Şərqə, həm də Qərbə açıq olan çevik platforma kimi təqdim edilir. Şəhərin urban siması bir tərəfdən Şərq sivilizasiyasının tarixi qatlarını qoruyur, digər tərəfdən isə qlobal modernləşmə və texnoloji transformasiya elementlərini nümayiş etdirir.

Eyni zamanda Bakı həm tarixi kimliyini qoruyan, həm də modern transformasiya həyata keçirən dövlət modeli nümayiş etdirməyə çalışır. Müasir beynəlxalq münasibətlərdə bu balans xüsusi siyasi əhəmiyyət daşıyır. Çünki bir çox dövlətlər ya sərt modernləşmə nəticəsində tarixi identiklik böhranı yaşayır, ya da ənənəvi identiklik üzərində qalaraq qlobal transformasiya proseslərinə inteqrasiya etməkdə çətinlik çəkirlər. Azərbaycan isə özünü bu iki xətt arasında balans yarada bilən aktor kimi təqdim etməyə çalışır. Şəhər həm Avrasiya məkanına aid görünür, həm qlobal urban mərkəzlər şəbəkəsinə inteqrasiya olunur, həm də regional sivilizasiya qovşağı funksiyasını saxlayır.

Xüsusilə qlobal sistemin parçalandığı, yeni geosiyasi qütbləşmələrin dərinləşdiyi indiki mərhələdə belə çevik identiklik modeli Azərbaycanın manevr imkanlarını artırır. Çünki sərt bloklaşmanın gücləndiyi beynəlxalq mühitdə özünü yalnız bir geosiyasi xəttə bağlamayan dövlətlər daha geniş diplomatik hərəkət sahəsi əldə edə bilirlər. Bakı da multikultural obraz, urban estetika və transregional kommunikasiya modeli vasitəsilə məhz bu strateji elastikliyi qorumağa çalışır.

Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Azərbaycan Prezidenti İlham Əliyevə fəxri doktor adı verməsi Ukrayna – Azərbaycan münasibətləri kontekstində də mühüm siyasi və simvolik məna daşıyır. Xüsusilə Rusiya – Ukrayna müharibəsinin davam etdiyi, beynəlxalq sistemdə geosiyasi qarşıdurmaların daha da sərtləşdiyi bir mərhələdə belə humanitar və akademik əməkdaşlığın davam etməsi Bakının yürütdüyü balanslaşdırılmış xarici siyasətin göstəricilərindən biri kimi qiymətləndirilə bilər.

Azərbaycan bu mürəkkəb geosiyasi bir tərəfdən Bakı Ukrayna ilə humanitar, siyasi və institusional əlaqələri saxlamaq niyyətini nümayiş etdirir. Digər tərəfdən isə Azərbaycan regional geosiyasi balansı pozacaq addımlardan yayınmağa və müxtəlif güc mərkəzləri ilə münasibətlərdə çevik manevr imkanlarını qorumağa çalışır.

Son olaraq qeyd edək ki, WUF13, beynəlxalq forum diplomatiyası, məskunlaşma inkişaf narrativi, yaşıl şəhər konsepsiyası və akademik legitimlik elementləri birlikdə Azərbaycanın yeni yumşaq güc strategiyasını formalaşdırır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Chosen
17
xalqqazeti.az

1Sources