EN

SON DƏQİQƏ: Samara alovlar içində yanır, partlayışların arası kəsilmir – FOTO

Ukrayna pilotsuz uçuş aparatları Samara vilayətinin Sızran şəhərinə hücum edib.

KONKRET.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Fedorışev məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində iki nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Qubernator hadisə ilə bağlı əlavə təfərrüat açıqlamayıb.

“Astra” nəşri bildirir ki, yanğın Rosneft şirkətinə məxsus Sızran Neft Emalı Zavodunun qurğularından birində baş verib.

Yerli sakinlərin yaydığı fotolara əsasən, hücumdan sonra müəssisədə güclü yanğın başlayıb və səmaya qalın qara tüstü qalxıb.

İldə 8,5 milyon tona qədər neft emal edən zavod bundan əvvəl də pilotsuz aparatların hücumuna məruz qalmışdı. Həmin vaxt texnoloji avadanlıqlara ziyan dəymiş, müəssisənin gücünün 70 faizdən çoxunu təmin edən AVT-6 ilkin neft emalı qurğusunun fəaliyyəti dayandırılmışdı.

O hücum zamanı yaşayış evlərinə də zərər dəymişdi.

Reuters agentliyinin yazdığına görə, son iki həftə ərzində Rusiyanın mərkəzi hissəsində yerləşən iri neft emalı zavodlarının hamısı ya fəaliyyətini tam dayandırmağa, ya da istehsalı əhəmiyyətli dərəcədə azaltmağa məcbur olub. Hücuma məruz qalan müəssisələr arasında Moskva, Nijni Novqorod, Ryazan və Yaroslavldakı zavodlar da var.

Tam və ya qismən fəaliyyətini dayandıran neft emalı zavodlarının ümumi gücü ildə 83 milyon tondan (sutkada 238 min ton) çoxdur ki, bu da Rusiyanın neft məhsulları ixracının təxminən dörddəbirinə bərabərdir.

Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, gecə ərzində ölkə regionları və Xəzər dənizi üzərində ümumilikdə 121 pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
16
konkret.az

1Sources