EN

Azərbaycan yalnız təbiətinin gözəlliyi ilə deyil, həm də insanlarının düşüncə tərzi ilə seçilir- ÖZƏL

"WUF13 çərçivəsində keçirilən tədbirdə bir daha hiss etdim ki, Azərbaycan yalnız öz təbiətinin gözəlliyi ilə deyil, insanlarının düşüncə tərzi, həyat mədəniyyəti və təbiətə münasibəti ilə də seçilən ölkədir". Bunu "Olaylar"a iqtisadçı alim Zahid Məmmədov deyib: "Xarici iştirakçılarla söhbətlər zamanı qeyd etdim ki, Azərbaycan insanı üçün ev sadəcə yaşayış yeri deyil - o, həm də mənəvi dəyər, təbiətlə harmoniyanın bir hissəsidir. Bizim xalq yeni evə köçəndə ilk olaraq ağac əkər, həyət-bacasını abadlaşdırar, səliqə-sahman yaradar. Bu, əsrlərlə formalaşmış milli düşüncənin, torpağa və təbiətə bağlılığın göstəricisidir.
Azərbaycanın kəndlərində, şəhərlərində və bölgələrində insanla təbiət arasında xüsusi bir mənəvi bağ mövcuddur. Yaşıllığa qayğı, həyətlərin təmiz saxlanılması, ağac və suya hörmət bizim milli-mədəni dəyərlərimizin ayrılmaz hissəsidir. Məhz buna görə də yaşıl urbanizasiya və dayanıqlı şəhərsalma ideyaları Azərbaycan cəmiyyəti üçün yad anlayış deyil, əksinə, milli həyat tərzimizin müasir ifadəsidir.
Bu gün dünyada ekoloji problemlərin artdığı bir dövrdə Azərbaycanın təbiətə sevgi üzərində qurulan həyat fəlsəfəsi xüsusi əhəmiyyət daşıyır. İnanıram ki, milli ənənələrimizlə müasir ekoloji yanaşmaların vəhdəti gələcəyin daha sağlam, yaşıl və dayanıqlı şəhərlərinin formalaşmasına mühüm töhfə verəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
3
olaylar.az

1Sources