"Bir dövlətin varlığı və onun tarixi taleyinin formalaşması bir neçə fundamental amildən asılıdır. Ölkənin yerləşdiyi geosiyasi məkan, coğrafi mövqeyi, təbii sərvətləri, xalqın spesifik milli-mənəvi xüsusiyyətləri və strateji siyasi idarəetmə dövlətin gələcəyini həll edən əsas sütunlardır. Azərbaycanın keçdiyi tarixi yol ata-babalarımızın uzun illər boyu üzləşdiyi bir çox çətinliklər və sınaqlarla dolu olmuşdur. Şübhəsiz ki, bu çətinliklərin arxasında böyük geosiyasi, iqtisadi və siyasi səbəblər dayanırdı. Lakin bütün bunlara baxmayaraq, bu gün biz fəxrlə deyə bilərik ki, ölkəmiz siyasi, iqtisadi və suverenlik baxımından təhlükə yarada biləcək riskləri maksimum dərəcədə neytrallaşdırmağa və minimuma endirməyə nail olmuşdur". "Olaylar" xəbər verir ki, bunu YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri, siyasi ekspert Ramil Hüseynov deyib: "İnkişafı şərtləndirən ən mühüm sahələrdən biri, şübhəsiz ki, güclü iqtisadiyyatdır. Dayanıqlı iqtisadi təməllərə malik olan dövlət həm özünün hərtərəfli tərəqqisini təmin edir, həm də vətəndaşlarının rifah səviyyəsinin yüksəlməsinə nail olur. Bu müstəvidə zəngin təbii sərvətlərimiz, sənaye, kənd təsərrüfatı və müasir texnologiyalar mühüm rol oynayır. Bu gün Azərbaycanda texnoloji infrastruktur kifayət qədər müasirdir və ölkəmiz qlobal texnoloji inqilabın fəal tərkib hissəsi kimi bu proseslərdə inamla addımlayır. İqtisadi və texnoloji tərəqqinin davamlılığı isə birbaşa təhsilin səviyyəsindən asılıdır. Təhsil yalnız bilik verməklə məhdudlaşmır, həm də elm və innovasiyanın inkişafını təmin edən aparıcı qüvvədir. Bu sahədə hələ tam istədiyimiz zirvəyə çatmasaq da, gələcəkdə innovativ yanaşmaların daha da güclənəcəyinə və hədəflədiyimiz yüksək nəticələrə nail olacağımıza inamımız tamdır.
Ölkəmizin əldə etdiyi bütün bu uğurların təməlində isə milli mənafelərə və dövlətin ali maraqlarına xidmət edən müdrik, uzaqgörən siyasi idarəetmə dayanır. Məhz düzgün strateji kurs və sabit siyasi şüur ölkəni dayanıqlı inkişafa çatdırmışdır. Biz öz milli birliyimizi və yüksək vətənpərvərlik hissimizi xüsusilə 44 günlük Vətən Müharibəsi dövründə, eləcə də ondan əvvəlki və sonrakı mərhələlərdə bütün dünyaya aydın şəkildə nümayiş etdirdik. Dövlətə bağlılıq və milli dəyərlərə sədaqət həmin çətin sınaq günlərində daha da poladlaşdı".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31