EN

"Arka Sokaklar" serialının izləyicilərinə ÜZÜCÜ XƏBƏR

Türkiyə televiziya tarixinin ən uzunömürlü kriminal seriallarından biri olan Arka Sokaklar final edir.

Musavat.com "Haberler.com" portalına istinadən xəbər verir ki, 20 mövsüm ərzində 700-dən çox bölümü yayımlanan məşhur layihənin ekran həyatı rəsmən başa çatır.

2006-cı ildən etibarən Kanal D-də yayımlanan “Arka Sokaklar” üçün final qərarı verilib.

Məlumata görə, qarşıdakı yayım mövsümü üçün nəzərdə tutulan 21-ci mövsümün bütün hazırlıqları ləğv olunub və qərar aktyor heyəti ilə texniki komandaya rəsmi şəkildə bildirilib.

Türkiyəli jurnalist Birsen Altuntaşın yaydığı məlumata əsasən, kanal rəhbərliyi “Eşref Rüya” layihəsi ilə bağlı gözlənilməz qərardan sonra daha bir böyük addım ataraq “Arka Sokaklar”ın tamamilə dayandırılmasına qərar verib.

Serialın istehsalçısı olan D Media da layihənin yekunlaşmasını təsdiqləyib.

İlk bölümü 2006-cı ildə yayımlanan serial İstanbul Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsində çalışan polis qrupunun cinayətkarlığa qarşı mübarizəsini təsvir edirdi. Uzun illər ərzində milyonlarla tamaşaçının maraqla izlədiyi layihə Türkiyə televiziya tarixində ən uzun həftəlik prime-time serialı rekordunu qazanıb.

“Arka Sokaklar” təkcə reytinqlərlə deyil, yadda qalan obrazları ilə də populyarlıq əldə edib. “Rıza Baba”, “Hüsnü Çoban”, “Mesut Komiser” və “Suat” kimi obrazlar sosial şəbəkələrdə illərlə müzakirə mövzusu olub.

Final qərarının mediaya sızmasından sonra sosial şəbəkələrdə minlərlə tamaşaçı serialın bitməsinə üzüldüyünü bildirib. Bir çox istifadəçi uşaqlıq və gənclik illərinin bu serialla keçdiyini qeyd edərək “bir dövrün bağlandığını” yazıb.

Məlumata görə, ekranların əfsanəvi polis komandası 2026-cı ilin iyun ayında yayımlanacaq xüsusi final bölümü ilə tamaşaçılarla son dəfə vidalaşacaq.

Musavat.com

Chosen
22
1
musavat.com

2Sources