“İsrail hökuməti Türkiyə ilə artan gərginlik fonunda bu ölkədə fəaliyyət göstərən diplomatlarını geri çağırmaq qərarını nəzərdən keçirir. Qərarın əsas səbəbi kimi təhlükəsizlik risklərinin artması və iki ölkə arasında siyasi münasibətlərin sürətlə pisləşməsi göstərilir”. Musavat.com xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.
Məlumata görə, İsrail Türkiyədəki diplomatik nümayəndəliklərin fəaliyyəti faktiki olaraq məhdudlaşdırılıb və əməkdaşların bir hissəsi artıq ölkədən çıxarılıb.

İsrailin Türkiyə ilə münasibətləri Qəzzada müharibənin başlaması ilə sürətlə pisləşməyə başlayıb. Ankara ənənəvi olaraq özünü Fələstin mülki əhalisinin müdafiəçisi kimi təqdim edir. İkitərəfli gərginliyin son tetikleyicisi İsrailin daha bir "Azadlıq Donanması"nı - Fələstin anklavının dəniz blokadasını sistematik şəkildə zorla qırmağa çalışan humanitar yardım daşıyan gəmi karvanını saxlaması oldu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin addımını sərt tənqid edərək bunu “quldurluq” adlandırıb və beynəlxalq ictimaiyyəti reaksiya verməyə çağırıb.
Ekspertlər hesab edirlər ki, diplomatların geri çağırılması iki ölkə arasında münasibətlərin daha aşağı səviyyəyə enməsi deməkdir. Bu addım eyni zamanda İsrailin Türkiyədəki konsulluğunu tamamilə bağlama ehtimalını da artırır.
Hazırda İsrail hökumətinə rəhbərlik edən Benyamin Netanyahu administrasiyası Türkiyə ilə münasibətlərə yenidən baxır və gələcək addımların təhlükəsizlik və geosiyasi maraqlar əsasında müəyyən ediləcəyini bildirir.
İsrail ilə Türkiyə arasında münasibətlərin kəskinləşməsi təkcə iki ölkə ilə məhdudlaşmır. Bu proses regionun digər aktorlarına, xüsusilə balanslı və çoxvektorlu siyasət yürüdən Azərbaycan üçün də yeni çağırışlar yaradır. Bakı həm İsraillə yüksək texnologiyalar və hərbi sahədə sıx əməkdaşlıq edir, həm də Türkiyə ilə müttəfiqlik səviyyəsində münasibətlərə malikdir. Bu baxımdan iki tərəf arasında gərginliyin artması Azərbaycanın strateji manevr imkanlarını məhdudlaşdıra bilər.
Mövcud vəziyyətin ən həssas tərəfi diplomatik balans məsələsidir. Rəsmi Bakı açıq şəkildə tərəf tutmaqdan yayınmağa çalışsa da, tərəflərin qarşılıqlı ittihamlarının artması fonunda müəyyən siyasi və ya diplomatik gözləntilərlə üzləşə bilər. Prosesin informasiya və ictimai müstəvidə təsirləri də nəzərə alınmalıdır. Türkiyədə İsrailə qarşı sərt ritorikanın güclənməsi region ölkələrində, o cümlədən Azərbaycanda ictimai rəyə təsir edə bilər.
Musavat.com