EN

Ermənistanda Rusiya kəşfiyyatının rezidentləri ifşa olundu - DETALLAR

Araşdırmaçı jurnalistlər tərəfindən təsis edilən və Latviyada qeydiyyatdan keçən nüfuzlu "The Insider" nəşri Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiya kəşfiyyatının bu ölkədəki əməkdaşlarının adlarını tam şəkildə deşifrə edib.

Bizim.Media xəbər verir ki, nəşrin dərc etdiyi sensasiyalı araşdırmada Xarici Kəşfiyyat Xidməti (SVR), Baş Qərargahın Baş İdarəsi (GRU) və Federal Təhlükəsizlik Xidmətinin (FSB) İrəvanda fəaliyyət göstərən əməkdaşlarının adları, rütbələri və fotoşəkilləri yer alıb.
 

Məlumata görə, bu şəxslərin qarşısına Ermənistanda rusiyayönümlü qüvvələri hakimiyyətə gətirmək tapşırığı qoyulub. Kremldə Baş nazir Nikol Paşinyana "Saqqal" (Boroda) kod adı verilib və əməliyyat da məhz bu ad altında keçirilir. Lakin Paşinyanın bir müddət əvvəl imicini dəyişərək saqqalını qırxması əməliyyatın rəmzi tərəfinə ilk zərbə olub.


Daha ciddi zərbə isə jurnalistlərin bu casus şəbəkəsini ifşa etməsi ilə dəyib. Əgər erməni seçicilər iyunun 7-də keçiriləcək seçkilərdə rusiyayönümlü qüvvələri dəstəkləməsə, Kremlin Moldovadan sonra daha bir ölkədəki kampaniyası uğursuzluğa düçar olacaq.

Araşdırmada qeyd olunur ki, Paşinyana qarşı informasiya kampaniyası Kremlin administrasiyasında yeni yaradılmış Strateji Tərəfdaşlıq və Əməkdaşlıq Departamenti (USPS) tərəfindən idarə olunur. Bu quruma Sergey Kiriyenkonun kadrı Vadim Titov rəhbərlik edir.

Ermənistan üzrə birbaşa kuratorlar isə xüsusi xidmət orqanlarının nümayəndələri — polkovnik Valeri Çernışov və onun müavini Dmitri Avanesovdur. Hər iki şəxs dəfələrlə İrəvanda olub və Kremlin "yerli dostları" ilə görüşüblər.
 

Xarici İşlər Nazirliyi xətti ilə seçkilərə MDB ölkələri üzrə Dördüncü Departamentin rəhbəri Mixail Kaluqin nəzarət edir. Kaluqin 2006-cı ildə Litvada kəşfiyyat fəaliyyətinə görə ifşa edilərək qovulub, 2016-cı ildə isə Vaşinqtonda işləyərkən adı ABŞ seçkilərinə müdaxilə qalmaqalında hallanıb.


Jurnalistlərin araşdırmasına görə, Rusiyanın İrəvandakı ticarət nümayəndəliyi faktiki olaraq Xarici Kəşfiyyat Xidmətinin (SVR) rezidenturasıdır. Qurumun rəhbəri Aleksey Mışlyavkin SVR-in Ermənistandakı baş rezidentidir. Onun müavini Sergey Katin isə 2022-ci ildən bəri Ermənistan istiqamətində casusluq fəaliyyəti ilə məşğuldur.

Şəbəkənin digər üzvləri bunlardır:

Vyaçeslav Proşkin: "Rosatom"un Ermənistandakı nümayəndəsi pərdəsi altında fəaliyyət göstərən GRU-nun kadr zabitidir. Metsamor AES-ə nəzarət bəhanəsi ilə Ermənistan rəhbərliyini izləyir.

Sergey Kivaçuk: Səfirlik müşaviri statusu daşıyan FSB generalıdır. O, həm Paşinyanı güdür, həm də Rusiyada səfərbərlikdən qaçıb Ermənistana gələn rusiyalıları təqib edir.

Sergey Kuçeruk: Səfirliyin birinci katibi. Keçmiş FSB əməkdaşıdır. Məlumata görə, o, Ermənistan SVR-nin rəhbəri Kristina Qriqoryanı öz tərəfinə çəkməyə (maddi maraq müqabilində əməkdaşlığa cəlb etməyə) çalışsa da, bu cəhdi baş tutmayıb.

Aleksandr Qladısub: Səfirliyin attaşesi, hərbi geodeziya mütəxəssisidir. 2020-ci il Qarabağ müharibəsindən sonra İrəvana göndərilib və Ermənistanın kritik infrastruktur obyektlərinin koordinat xəritələrini hazırlayır.

"The Insider" Paşinyanın əsas siyasi rəqiblərinin də Moskva ilə gizli bağlarını ortaya çıxarıb.

"Taşir" şirkətlər qrupunun rəhbəri və "Güclü Ermənistan" blokunun lideri, milyarder Samvel Karapetyanın FSB-nin məxfi bazalarında xüsusi qeydiyyatda olduğu müəyyən edilib. Daxili İşlər Nazirliyinin arxiv sənədlərində onun pasport faylında "FSB İnformasiya Mərkəzi" qeydi tapılıb ki, bu da onun xüsusi xidmət orqanlarının nəzarətində olan və ya gizli əməkdaşlığa cəlb edilən şəxs olduğunu göstərir.

Digər rəqib, "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyandır. Onun 2017-ci il seçki kampaniyasının maliyyə smetası Kremlin arxiv sənədlərindən tapılıb və seçki pullarının Moskvadakı xüsusi fonddan gəldiyi məlum olub.
 

Nikol Paşinyan bu ifşa sənədini seçki kampaniyasında silaha çevirib. O, seçicilər qarşısında çıxış edərək Samvel Karapetyanı "Kaluqa oliqarxı" və "FSB agenti" adlandırıb, ona məsləhət görüb ki, əgər bu yalandırsa, "The Insider" nəşrini beynəlxalq məhkəməyə versin. Karapetyan isə ittihamları rədd edərək Paşinyanın özünü "FSB yefreytoru" adlandırıb.


Moskva isə operativ şəkildə məsələyə reaksiya verib. Rusiya tərəfi "İrəvandakı Rusiya agentləri" barədə yayılan bu məlumatları Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması və Ermənistana onun milli maraqlarına zidd olan kənar gündəliyin qəbul etdirilməsi kampaniyasının növbəti növbəti epizodu və növbəti "sensasiya" cəhdi kimi qiymətləndirib. (Mənbə: Haqqin.az)

Bizim.Media

Chosen
43
bizim.media

1Sources