EN

Armudu stəkanda çay

Yaşı 5 min il olan içki...

Çay necə dəmlənməlidir?

Yorğunluq hiss etdiyimiz anlarda və əhvalımızı yüksəltmək istəyəndə tez-tez çay içirik. Dünyada sudan sonra ən çox istehlak edilən içki olan çayın tarixi təxminən 5 min il əvvələ gedib çıxır. Çayla bağlı maraqlı əfsanələr də mövcuddur. Məsələn, Böyük Çin imperatoru Shen Nungun zamanında bağçada su qaynadırkən təsadüfən bir neçə yarpaq qaynar suya düşür. Suya yayılan ətir imperatorun diqqətini çəkir və o, yarpaqlardan hazırlanan içkinin dadına baxır. Bu dad ona çox xoş gəlir və beləliklə, çay əvvəlcə Çində, sonra isə dünyada məşhur içki kimi qəbul edilir.

Çayın bugünkü dəmlənmə şəkli isə 4 min il bundan öncə kəşf edilib. Yeri gəlmişkən, mayın 21-i Beynəlxalq Çay Günüdür. BMT həmin tarixi çay idxal edən ölkələrdə bu məhsulun istehlakının azaldılmasına diqqət çəkmək məqsədilə elan edib.

Beynəlxalq Çay Gününü qeyd etmək uzun illər müzakirə mövzusu olsa da, bunu yalnız 2004-cü ildə Hindistanın Mumbay şəhərində və 2005-ci ildə Braziliyanın Portu-Aleqri şəhərində keçirilən ümumdünya ictimai forumlarından sonra reallaşdırmaq mümkün olub.

Çayın yaranma tarixi...

Çay sözünün mənşəyi də Çinə gedib çıxır. Bu içki həmin ölkənin ayrı-ayrı bölgələrində “ça” və “te” kimi tələffüz olunur. İngilislər də “te” əsasında “tea” sözünü formalaşdırıblar. Çay Avropaya 17-ci əsrin əvvəllərində holland və portuqal tacirlər tərəfindən gətirilib. 1635-ci ildən Hollandiya və Fransa Avropada çay istehlakına liderlik edən ölkələr hesab olunurlar. Bu bitkini ilk dəfə Amerikaya gətirən insanın adı isə Peter Stuyvesantdır. 1908-ci ildə bu günümüzdə geniş yayılmış birdəfəlik paket çayların ABŞ-da istehsalına başlanılıb.

Dünyada hazırda ən aparıcı çay istehsalçısı ölkələr Hindistan, Şri-lanka, Çin, Türkiyə, Keniya, İndoneziya, Malayziya, və Vyetnamdır.

Azərbaycanda çay bitkisi ilk dəfə 1912-ci ildə Lənkəranda əkilib. İlk çay zavodu da 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb. Ölkəmizdə çay əsasən Lənkəran, Astara, Masallı və Zaqatalada yetişdirilir. 1970-1980-ci illərdə 36 min hektar sahədə çay əkilib-becərilib və 34 min tondan çox çay istehsal edilib. Həmin vaxt 15 zavod istifadəyə verilmişdi.

Gündəlik istifadə etdiyimiz çayın necə hazırlandığı, hansı çayın daha keyfiyyətli olduğu, eləcə də çayla bağlı digər məqamlar yəqin ki, çoxlarına maraqlıdır.

Hansı çay daha yaxşıdır?

Çay təbabətdə, infeksion xəstəliklərin qarşısının alınmasında, göz, dil, diş xəstəliklərinin müalicəsində istifadə olunub. Hansı çaya aqrotexniki qulluq göstərilirsə, onda məhsuldarlıq və keyfiyyət yüksək olur. Dünyada Hindistan çayı daha yaxşı çay hesab olunur. Bu gün ölkəmizdə istehsal olunan çaylar Hindistan-Çin hibridindən alınıb. Çünki bu məhsul şaxtaya dözümsüzdür, Günəş və suyu daha çox sevir. Yaxşı qulluq etdikdə ildə dörd dəfə məhsul götürmək mümkündür. Ən yaxşı çay “buket” növ hesab olunur. Daha sonra əla, ondan sonra birinci növ çay gəlir.

Keyfiyyətli çay necə olur?

Çaya uzaqdan baxanda onun keyfiyyətli məhsul olub-olmadığını bilmək olmaz. İstifadə etdikdən, dəmlədikdən sonra onun keyfiyyətinə qiymət vermək mümkündür. Bununla belə, çay alan zaman onun üzərində istehsal tarixinə, çeşidi, növü və sair məqamlara diqqət etməliyik. Qablaşdırılması normal olan məhsula üstünlük verilməlidir. Dəmlədikdən sonra çayın ətrindən onun keyfiyyətini bilmək olar.

Çayın faydaları...

Çayın tərkibində kofein olduğundan, dəmləyib istifadə etdikdən sonra yorğunluğu aradan qaldırır. Eyni zamanda çayın tərkibindəki antioksidant qocalmanı ləngidir. Bizim vərdişə çevirdiyimiz çay bütün infeksion xəstəliklərdə orqanizmə kömək edir. Həmçinin yeni hüceyrələrin yaranmasına kömək edir. Çay bədəni tərk edənə qədər bütün orqanlarımıza faydası toxunur. Həmçinin bədəndə qan damarlarına, əzələlərin bərpasına müsbət təsir göstərir.

Dəmlədikdən sonra 20-30 dəqiqə ərzində...

Köhnə çayı istifadə etmək tövsiyə edilmir. Nəzərə almaq lazımdır ki, biz çayı yorğunluğumuzun çıxması üçün içirik ki, bədənimiz gümrahlaşsın. Eyni zamanda, susuzluğumuzu yatırsın. Köhnə çay içdikdə artıq orqanizmə çayın faydası olmur. Ona görə də çayı dəmlədikdən sonra 20-30 dəqiqə ərzində istifadə etmək məsləhətdir.

Ətirli çaylar ziyandır?

Ətirləndiricilərdən istifadə müxtəlif zövqləri oxşamaq məqsədi daşıyır. Çayı ətirləndirmək üçün təbii qida məhsullarında istifadə olunan efir yağlarından istifadə edilir. Ətirləndiricilər arasında ən populyar olanı isə berqamotdur. Mütəxəssislər ətirli çayların ziyanı olmadığını bildirir.

Gündə neçə stəkan içək?

Bədənimizin mürəkkəb su balansını və fərdi ehtiyaclarımızı nəzərə almaq vacibdir. Hər bir insanın yaşı, fiziki fəaliyyəti, yaşayış mühiti, hətta hava şəraiti fərqli olduğundan, eyni miqdarda maye hər kəs üçün uyğun olmaya bilər. Elmi tədqiqatlar göstərir ki, ortalama olaraq gün ərzində təxminən 8 stəkan çay qəbul edilə bilər.

Yeganə BAYRAMOVA

1Sources