EN

"Həyatı sevmək gərəkdir"

Adını ata nənəsi Raziyəxanım qoyub. Müsahibimiz: "Mən iki Əsmətxanımın ömrünü yaşayıram", - deyir. Çünki sevimli nənəsi bu dünyadan cavan yaşında köçmüş əziz bacısının adını ona verib. Dünyagörmüş Raziyəxanım sanki gələcəkdən xəbərdar imiş, nəvəsinin bu adı ləyaqətlə daşıyacağını, hər zaman, hər yerdə hörmətlə, ehtiramla çəkdirəcəyini, pedaqoq, alim, ictimai xadim kimi tariximizdə əbədiləşdirəcəyini bilirmiş.

Uzaq illəri yaxın edirik. Söhbətə Əsmətxanım Məmmədovanın uşaqlıq illərindən başlayırıq. Nurlu simasına təbəssüm qonur: "Əlbəttə, hansı ailədə dünyaya gələcəyimizi biz özümüz seçmirik", - deyir. "Bu taledir, qismətdir. Mənim də qismətimə 1941-ci il martın 5-də Maştağada böyüyə ehtiram, kiçiyə nəvaziş göstərilən, sevginin, hörmətin, mehribanlığın hökm sürdüyü bir ocaqda dünyaya göz açmaq, boya-başa çatmaq düşüb. Atam Bəyəhməd sayılıb-seçilən bir kişinin oğlu idi. Ata babam Əlihəsən Şıxməhəmmədoğlu əslən Ərdəbildən olub. Onun taleyində işğalçı ölkələrin ikiyə ayırdıqları Azərbaycanın ağrıları vardı. Məmləkətimiz bölünəndə dörd qardaşı Arazın o tayında, Şıxməhəmməd babam isə burda qalıb. Babam Əlihəsən də Maştağanın mal-mülk sahibi, xeyirxah, nüfuzlu adamlarından idi. Ana babam Əbdülqasım Şəkərzadə isə içərişəhərliydi". 

Babalarının ikisi də var-dövlət sahibi olub. Ata babası Əlihəsən Şıxməhəmmədoğlunun Maştağada geniş torpaq sahələri, malı-mülkü vardı. Ana babası Əbdülqasım Şəkərzadə isə neftxuda idi. 1920-ci ilin aprelində Azərbaycanın müstəqilliyinə son qoyaraq hakimiyyəti ələ keçirən bolşeviklər ilk günlərdən varlılara düşmən kəsiliblər. Əlihəsən Şıxməhəmməd oğlunun bütün torpaq sahələri, mal-dövləti müsadirə olunsa da, başının üstündən qara buludlar çəkilməyib. Ata babası Əlihəsəni həbs ediblər. O, sonralar xilas olsa da, ana babası Əbdülqasım sovet hökumətinin siyasi burulğanından qurtula bilməyib. Müasirləri onu yalnız varlı, səxavətli, xeyriyyəçi kimi yox, həm də alim, şair kimi tanıyıblar. Sovet hökuməti çoxları kimi ona da qıyıb - Əbdülqasım Şəkərzadə repressiya qurbanı olub.

Əsmətxanım Məmmədovanın ömrünün ilk çağlarında, ağlı kəsməyə başlayanda atası həyatda olsa da, yanlarında yox, xatirələrdə idi. II Dünya müharibəsi gedirdi. O, üç-dörd aylıq olanda atası Bəyəhməd Əlihəsənoğlu könüllü döyüşə yollanmışdı. Əsmətxanım danışır: "Atam Bəyəhməd 1908-ci il təvəllüdlü idi. 1941-ci il iyunun 22-də alman faşist ordusu sovet ərazilərinə hücum edəndə SSRİ-nin tərkibində olan digər respublikalar kimi, Azərbaycan da müharibəyə qoşulub. Müharibə başlayanda 33 yaşlı, ucaboy, yaraşıqlı atam da cəbhəyə gedib. Anam dörd kiçik uşaqla köməksiz qalıb". 

Əsmətxanım ailənin dördüncü övladı idi. O, həmin illər barədə anasından eşitdiklərini belə xatırlayır: "Məndən böyük iki bacım, bir qardaşım vardı. Atam cəbhəyə gedəndə Balacaxanımın 9, Əsədin 6, Zərxanımın 3 yaşı varmış. Mən isə lap körpəyəmmiş, altıaylıq. Anam kolxozda işləyirmiş. Hər gün orda əməkhaqqı kimi 200 qram çörək verirmişlər. Böyük bacım Balacaxanımın yaşı az olmasına baxmayaraq, anam onu da özü ilə işləməyə aparırmış ki, ona da 200 qram çörək versinlər. Məni nənniyə qoyub özümdən 3 yaş böyük olan bacım Zərxanıma tapşırırmışlar". 

Atasının müharibədən gəldiyi gün də yadındadır: "Atam ağ köynək geyinmişdi. Böyük buxanka çörək kəsirdi. Atam işsiz qalan adam deyildi. Daşdan da çörək çıxarırdı. O, anamın satmağa qıymadığı kostyumunu satdı və bir kisə kartof alıb əkdi. Bəhrəsindən kənddən müharibəyə gedib geri dönməyənlərin, əlil qayıdanların ailələrinə, imkansızlara payladı. 67 yaşında xəstəliyə tutulub dünyasını dəyişəndə yas mərasiminə gələnlər atamın onlara, ailələrinə əl tutmağından, xeyirxahlığından elə şeylər danışırdılar ki, biz ilk dəfə idi eşidirdik".

Atası müharibədən qayıdandan sonra sovxoz sədri işləyib. İllər keçdikcə ailələri daha da böyüyüb. Daha 3 uşaq dün-yaya gəlib, olublar 7.

1949-cu ildə Əsmətxanım Məmmədova şagird yaşına çatıb. Maştağadakı Cəfər Cabbarlı adına 187 saylı məktəbdə təhsil almağa başlayıb. Orta məktəbdə dərs əlaçısı, sinif nümayəndəsi olub. Şagird ikən Moskva Xalq nailiyyətləri sərgisində iştirak edib, qızıl medalla təltif olunub. 

Gələcək haqqında xəyalları sonsuz, arzuları bitib-tükənməz idi. O zaman da indiki kimi, təbiət vurğunuydu. İstəyirdi ki, atasının yolu ilə getsin. Ancaq anasından eşitdikləri onu başqa sahəyə istiqamətləndirib. Əsmətxanım Məmmədova xatirələrinin ən kövrək məqamından - anasından məhəbbətlə söz açır: "Anam müdrik, sinədəftər xanım idi. Başı çox bəlalar çəkmişdi. Onun 5, qardaşının 3 yaşı olanda anası gənc yaşında o dövr üçün çarəsiz sayılan xəstəliyə mübtəla olub, dünyadan köçmüşdü. Atası uzun illər evlənməmişdi, onların tərbiyəsi ilə özü məşğul olmuşdu. Anam savadlı qadın idi. Latın kiril və əski ərəb əlifbalarında yazıb-oxuyurdu. İti hafizəsi vardı. Oxuduğu əsərləri əzbər bilirdi. Onları bizə elə danışırdı ki, nağıl kimi dinləyirdik. Mən ilk dəfə tariximiz, bir sıra tarixi şəxsiyyətlərimiz haqqında həqiqətləri də ondan eşitdim. Azərbaycan Xalq Cümhuriyyətini, müstəqil dövlətimizin himnini, gerbini, bayrağını, Məhəmməd Əmin Rəsulzadəni, Almas Yıldırımı və başqalarını mənə ilk tanıdan anam olmuşdu. Mən artıq böyümüşdüm, yolumu müəyyənləşdirmişdim. Anam mənə deyirdi: "Bu söhbətləri balacaların yanında etmirəm. Gedib məktəbdə danışarlar. Bunları sənə deyirəm..." Atası anamın ən ağrılı xatirəsi olan Əbdülqasım Şəkərzadə də Azərbaycanın vətənpərvər ziyalılarından idi. O, Bakı şəhərini tikən kişilərdən olub. XX əsrin əvvəllərində Azərbaycan mətbuatının inkişafına maddi yardım göstərib. Maarifpərvər insan olan babam fars və ərəb dillərini mükkəmməl bilirmiş. O, həm də ədəbiyyat vurğunu imiş. Özü də şair olub. "Naşad" təxəllüsü ilə şeirlər yazıb, sovet rejimi onu "pantürkist" damğası ilə həbs edib, həyatına son qoyub". 

Əsmətxanım 1958-ci ildə Cəfər Cabbarlı adına 187 nömrəli məktəbi əla qiymətlərlə başa vurub. Sənədlərini ali məktəbə verməyi arzulasa da, böyük qardaşı Əsədin hərbi xidmətdə olması, atasının o vaxtlar artıq öz istəyi ilə sovxoz direktoru vəsifəsindən azad edilməsi, sovxozdan becərmək üçün xeyli ərazi götürməsi tərəddüdlərini artırır, onu seçim qarşısında qoyurdu. Atasının bir kəlmə:  "Mənim briqadirimsən, manqa başçımsan. Sən getsən, mən neyləyəcəm...", - deməsi ilə Əsmətxanım Məmmədova tələbə olmaq arzusunun ardınca getməyi təxirə salır. İki il sovxozda işləyir, atasına kömək edir. O, burada Gənclər Təşkilatının sədri kimi fəaliyyət göstərir. 1960-cı ildə nailiyyətlərinə görə Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif edilir.

Şərqşünaslığı anasının istəyi ilə, repressiya qurbanı babası Əbdülqasım Şəkərzadənin əziz və kövrək xatirəsinə ehtiram olaraq seçir. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olub. Universitetdə əlaçı, fəal tələbə kimi seçilib. Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri olub. Hələ tələbə ikən elmi-tədqiqat işlərinə diqqət göstərib. Tbilisi, Moskva universitetlərinin elmi konfranslarında müxtəlif məruzələrlə çıxış edib. IV kursda oxuyanda "Fars ədəbi dili və Tehran dialektində feillərdə baş verən fonetik dəyişikliklər" məruzəsinə görə, Moskva Dövlət Universitetinin fəxri fərmanı və  fəxri tələbə bileti ilə təltif olunub.

Universiteti 1965-ci ildə fərqlənmə diplomu ilə bitirib. Əsmətxanım Məmmədova Elmi şuranın qərarı ilə Yaxın və Orta Şərq kafedrasında saxlanılıb. Bir il sonra, 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının (AMEA) nəzdindəki Şərqşünaslıq İnstitutunun aspiranturasına qəbul edilib. Elmi rəhbəri şərqşünaslığın sütunlarından biri, Əməkdar elm xadimi Rəhim Sultanov idi. Əsmətxanım Məmmədova 1972-ci ildə "Fars dili söz vurğusunun fonetik təbiəti və yeri" adlı namizədlik dissertasiyasını uğurla müdafiə edib. Onun 67 illik əmək fəaliyyətinin 60 ili pedaqoji işlə bağlıdır. Müəllimliyi çox sevir. Ancaq pedaqoji fəaliyyəti ilə paralel başqa məsuliyyətli vəzifələrin də öhdəsindən uğurla gəlib. 

1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilməsi qarşısında yeni yollar açıb. Deputat səlahiyyətləri ona insanların problemlərinin həllinə daha çox kömək etmək imkanı verib. Hər zaman məsuliyyətli, özünə tələbkar olan Əsmətxanım Məmmədova göstərilən etimadı ləyaqətlə doğruldub, seçiciləri ilə daim ünsiyyətdə olub, onların müraciətlərinə həssaslıqla yanaşıb.

Elmi fəaliyyəti yalnız əmək fəaliyyətinin deyil, həyatının ayrılmaz hissəsinə çevrilib. Belə etməsəydi, bu gün elmi mənbələr hesab edilən, istinad olunan sanballı əsərlərin müəllifi olmazdı. O, 4 dərs vəsaitinin, "Fars dilində vurğu" (eksperimental tədqiqat işi), (2007) "Nizami Gəncəvi yaradıcılığı üzrə filoloji tədqiqlər" (2022) adlı monoqrafiyaların müəllifidir. 2007-ci ildə "Fars dilində vurğu" adlı eksperimental tədqiqat işi AMEA-nın nailiyyətləri olan kitablar siyahısına salınıb. Əsmətxanım Məmmədova həm də 12 bədii tərcümənin mütərcimidir. Məhəmməd Mirkiyaninin "Çillə gecəsinin nağılları" hekayələr toplusunu tələbələrləri ilə birgə tərcümə etməklə isə fakültə tarixində bir ilkə imza atıb.

O, görməkdə olduğu, planlaşdırdığı işlərdən də böyük həvəslə danışır. Ərəb əlifbasına əsaslanan fars dilinin yazı və tələffüzü arasındakı fərqdən, yazının çətinliklərindən bəhs edən 1000 səhifə həcmində "Fars dilinin izahlı omofonlar lüğəti" monoqrafiyasını bitirmək üzrə olduğunu deyir. 

O, ailə səadəti ilə keçən illərindən də böyük məhəbbətlə söz açır. Gənc yaşlarından könül bağladığı bibisi oğlu Yaqub Məlikovla 1970-ci il iyulun 25-də toyları olub.  Bir il sonra iyulun 25-də Fərəh adını verdikləri qızlarının dünyaya gəlişi ilə fərəhləniblər. Sonra ailədə övladların sayı artıb. 1973-cü ildə Fərid, 1975-ci ildə Fidan, 1976-cı ildə isə Cavid dünyaya gəlib. Onları vətənə, insanlığa, haqqa sevgi ruhunda  böyüdüblər. Övladları da ata-anası kimi elmə, təhsilə böyük maraq göstəriblər. Birinci Qarabağ müharibəsində döyüşmək üçün Fərəh evdən qaçıb. 1992-ci ilin fevralında Xocalı faciəsindən sonra Fərid könüllü olaraq müharibəyə yollanıb, ön cəbhədə, işğalçılara qarşı gedən ağır döyüşlərdə iştirak edib. Əsmətxanım Məmmədovanın qızlarının ikisi də onun yolunu davam etdirib - Fərəh ərəbşünas, Fidan isə farsşünas kimi. Əsmətxanım Məmmədova bu gün 11 nəvənin xoşbəxt nənəsidir. 

Müsahibəmizin sonunda yenidən onunla birlikdə yola saldığı illərə dönüb baxırıq. Sualımız bu dəfə belə olur: "Heç ömrünüzün qayğısız illəri olubmu?" "İlləri yox, bəlkə günləri, saatları olub" - deyir. - "Həyat məni çox sınaqlara çəkib. 2010-cu ildə ömür-gün yoldaşım vəfat etdi. 5 il sonra isə qızım Fərəh 44 yaşında gözlərini əbədi yumdu. Onun 4 balası qaldı. Zəngin daxili aləmə, dünyagörüşünə malik Fərəhim dil bilgiləri, savadı, intellektual potensialı ilə hamıdan seçilirdi. Daxilinin gözəlliyi zahirinə yansımışdı. Çox fərqli, çox bənzərsiz idi". Baxışları bir nöqtəyə dikilir. Nəsə demək istəyir, bir ahla ötürür: "Dünya gəlimli-gedimlidir... bilirəm".

Söhbətin yönünü dəyişirik: "Öm-rünüzün ilk illəri çoxmu uzaqda qalıb?" Gülümsəyir: "Bu 85 yaş nə vaxt gəlib keçdı heç bilmədim. Həyat hamar yol deyil. Enişi də var, yoxuşu da. Necə olursa-olsun onu sevmək lazımdır.  Mən bütün insanları çox sevirəm. Tələbələrimi övladlarım qədər istəyirəm. 85 ildə dünyada çox hadisə baş verib. Ancaq mənə çox qısa görünür. Yəqin ona görə ki, vaxtın necə keçdiyinin fərqinə varmamışam, gecə-gündüz işləmişəm. Həyat bizə verilən fürsətdir. Onu dəyərləndirmək bizim əlimizdədir".

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

1Sources