EN

“Qırmızı”da keçərək 2 nəfərin ölümünə səbəb olan avtobus sürücüsü ilə bağlı qərar ləğv edildi

Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən Əkbər Mehdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

 

İttihama görə, hadisə 29 oktyabr 2024-cü il tarixində paytaxtın Binəqədi qəsəbəsi ərazisində baş verib.

 

Belə ki, "Çinar Trans" MMC-nin istismarında olan 133 saylı xətt üzrə hərəkət edən və Əkbər Mehdiyevin idarə etdiyi “Karsan” markalı avtobus Binəqədi şosesi ilə Zəngəzur küçəsinin kəsişməsində işıqforun qırmızı işığında hərəkətini davam etdirib.

 

Nəticədə avtobus yaşıl işıqla öz yoluna davam edən “Opel Corsa” markalı avtomobilə çırpılıb. İdarəetmədən çıxan avtomobilin hərəkətdə olan “Changan” və “Hyundai Santa Fe” markalı avtomobillərə çırpılması nəticəsində zəncirvari qəza baş verib.

 

“Opel Corsa”nın sürücüsü Azər Mirzəxan oğlu Əyyubov və sərnişini Cavid Mahir oğlu Məmmədov qəza yerində həlak olub. “Changan”ın sürücüsü Babək Orucov isə xəstəxanaya yerləşdirilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü Əkbər Mehdiyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 21 May 2026, 08:46   
Chosen
9
1
pravda.az

10Sources