EN

Samir Vəliyev: “Yaşam səviyyəsinin Afrikadan belə geridə olması ilə bağlı müqayisə populist yanaşmanın məhsuludur və doğru deyil”

“Sosial şəbəkələrdə Azərbaycan yaşam səviyyəsinin  Afrikadan belə geridə olması ilə bağlı müqayisənin aparılması daha çox populist yanaşmanın məhsuludur və doğru deyil. Zənnimcə, bir sıra məqsədlərə xidmət edir. Birincisi, ola bilər,  bu sadəcə sosial şəbəkə emosiyası və diqqət toplamaq istəyidir. İkincisi, məqsəd cəmiyyətə, dövlətə, gələcəyə, eləcə də iqtisadi sabitliyə qarşı inamsızlıq formalaşdırmaqdan ibarətdir. Xüsusilə, informasiya müharibələrinin gücləndiyi dövrdə müəyyən dairələr sosial narazılığı daha da kəskin göstərməyə çalışırlar. Çünki sosial pessimizm ictimai psixologiyaya birbaşa təsir edən amildir. Belə müqayisə aparanların məqsədi Azərbaycan dövlətinin, hökumətinin son illər gördüyü işlərə qarayaxma kampaniyası vasitəsilə kölgə salmaqdır. Bu cür absurd müqayisə aparanlar son illər dövlətimizin həyata keçirdiyi sosial islahatlara baxsalar, daha doğru olar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

 

Deputat bildirib ki, son illər minimum əməkhaqqının, pensiyaların, müavinət və təqaüdlərin artırılması, sosial paketlərin genişləndirilməsi, şəhid ailələri və qazilərə dəstək proqramları sosial siyasətin davam etdiyini göstərir: “Dövlətimiz artıq neçə ildir ki, sosial müdafiənin gücləndirilməsi istiqamətində mühüm addımlar atır. Büdcəmiz sosialyönümlüdür. Bütün bunların mərkəzində insan faktoru dayanır. Ölkənin vəziyyətini qiymətləndirərkən birinci növbədə statistik göstəricilərdən, beynəlxalq hesabatlardan və real iqtisadi meyarlardan çıxış etmək daha obyektiv olar. Artıq dəfələrlə şahidi olmuşuq ki, ölkəmizdə keçirilən hər hansı mötəbər tədbir ərəfəsində Azərbaycana düşmən kəsilmiş qüvvələr öz qarayaxma kampaniyaları vasitəsilə vətənimizin imicinə, adına ləkə gətirmək məqsədilə uydurma, absurd müqayisələr, ədalətsiz yanaşma nümayiş etdirirlər. Lakin bütün bunların heç bir mənası yoxdur. Çünki artıq Azərbaycanın imicini, adını, ciddi tərəfdaş, regionda əsas aparıcı qüvvə olması faktını beynəlxalq ictimaiyyət artıq qəbul edib. Beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan ciddi respublika, ölkə kimi qəbul olunur”.

 

Aytəkin Qardaşova

Tarix: 21 May 2026, 08:41   
Chosen
46
pravda.az

1Sources