EN

Azərbaycan sürətli və innovativ quruculuq modelləri təqdim edən dövlət kimi tanınır

WUF13-ün Bakıda keçirilməsi bunu bir daha təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimindəki geniş və konseptual çıxışı qlobal çağırışlar və regional reallıqlar baxımından mühüm məqamlarla yadda qaldı. Dövlətimizin başçısı Bakıda təşkil olunan mötəbər tədbirin qeydiyyata alınmış çoxlu iştirakçı ilə rekord göstəriciyə imza atdığını vurğuladı. Forumun öz miqyasına görə ölkəmizdə keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq humanitar platforma olduğu diqqətə çatdırıldı. "Biz yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq. Bu səhər mənə verilən məlumata görə, 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bununla belə, bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq", - deyə Prezident İlham Əliyev bildirmişdi. 

Ölkəmizin coğrafi və mədəni mövqeyinə toxunan Prezident İlham Əliyev Bakının Avropa ilə Asiyanın, Şərq ilə Qərbin qovuşduğu unikal məkana çevrildiyini, İçərişəhərin qədim divarları ilə müasir şəhərsalma arxitekturasının harmoniyasını xüsusi qeyd etdi. Dövlətimizin başçısı şəhərlərin müasirləşməsi prosesində tarixi irsin qorunmasının zəruriliyini önə çəkdi: "Əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz". 

Prezident İlham Əliyevin çıxışının mühüm regional xəttini işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması strategiyası təşkil etdi. Dövlətimizin başçısı çıxışında vurğuladı ki, hazırda hökumətin qarşısında duran əsas vəzifə bu ərazilərin yeni konsepsiyalar əsasında sıfırdan bərpasıdır: "İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir". Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, hazırda Böyük qayıdış proqramı həyata keçirilir, şəhər və kəndlərin baş planları hazırlanır.  

Dövlətimizin başçısının WUF13 tribunasından səsləndirdiyi bəyanatlar təsdiqləyir ki, müasir dövrdə şəhərsalma insan amili, ekoloji təhlükəsizlik və gələcək nəsillərin rifahı arasında balans yaradan fundamental strateji hədəfdir. Bu kontekstdə vaxtilə neft sənayesinin ekoloji cəhətdən ağır mirasını daşıyan "Qara şəhər"in hazırda "Ağ şəhər" layihəsi timsalında regional miqyaslı modern urbanizasiya modelinə çevrilməsini xüsusi qeyd etmək olar. Keçmişdə sənaye tullantıları ilə tanınan ərazi bu gün paytaxtın daxilində tamamilə yeni və cazibədar yaşayış mühiti formalaşdırıb. Bu böyük transformasiya qətiyyətli siyasi iradənin, uzaqgörən iqtisadi kursun və estetik şəhər mədəniyyətinin harmonik vəhdətidir. Bakı öz tarixi keçmişini silmədən, onu müasir tələblərə uyğun şəkildə yenidən generasiya etməyi bacarıb.

Çağdaş memarlığın vacib prioritetlərindən biri də sakinlərin həyat standartlarının yüksəldilməsidir. Son illərdə paytaxtda istifadəyə verilən çoxsaylı parklar, yenidən qurulan kütləvi istirahət məkanları və geniş yaşıllıq zolaqları paytaxtımıza sanki yeni nəfəs bəxş edib. Bir çox qlobal mərkəzlərdə "ekoloji şəhər" ideyası hələ də nəzəri müzakirə mərhələsində olduğu halda, Bakı bu konsepsiyanın praktiki elementlərini artıq öz gündəlik həyatına inteqrasiya edib. 

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının məhz Bakıda gerçəkləşməsi təsadüfi xarakter daşımır. WUF13-ün ölkəmizdə keçirilməsinin fundamental səbəbi Azərbaycanın Cənubi Qafqaz regionunun şəksiz lideri olmaqla yanaşı, qlobal miqyasda ən sürətli və innovativ yenidənqurma modelləri reallaşdıran bir ölkə kimi qəbul edilməsidir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında şəhər və kəndlərin bərpası nümunəvi quruculuq və urbanizasiya prosesidir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda 85 mindən artıq vətəndaşımız yaşayır, çalışır və təhsil alır. Bu da təbii olaraq qlobal tərəfdaşlarımızın və beynəlxalq institutların diqqətindən yayınmır. 

Azərbaycan öz ərazilərini qarış-qarış bərpa etməklə yanaşı, bu sahədə əldə etdiyi təcrübəni münaqişələrdən zərər çəkmiş digər xalqlarla bölüşməyə də hazırdır. Məhz bu prizmadan yanaşdıqda, WUF13-ün qlobal əhəmiyyəti daha qabarıq görünür. Elə forumun start götürdüyü ilk saatlarda Suriya, Ukrayna və digər böhranlı bölgələrin nümayəndələri ilə Qarabağda tətbiq olunan bərpa modellərinin dərindən müzakirə edilməsi bu fikrin əyani sübutudur. 

Müşfiq MƏMMƏDLİ, 

Milli Məclisin deputatı

1Sources