EN

Qəzzaya yardım aparanlar saxlanılıb: 7 ölkə İsrail səfirlərini nazirliyə çağırıb

BAKI, 21 may. TELEQRAF

İsrail polisi Qəzzaya humanitar yardım aparmağa çalışan flotiliyanın saxlanılan iştirakçılarını əlləri bağlı vəziyyətdə diz çökdürüb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, fəallar çərşənbə axşamı beynəlxalq sularda İsrail qüvvələri tərəfindən saxlanıldıqdan sonra İsrail limanına gətiriliblər.

Yayılan videoda onlarla fəalın açıq hava liman ərazisində sıra ilə diz çökdürüldüyü, əllərinin isə plastik qandallarla arxadan bağlandığı görünür.

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir videonu X sosial şəbəkəsində paylaşaraq saxlanılan fəalları məsxərəyə qoyub.

“Onlar özlərini böyük qəhrəman hesab edirdilər. İndi isə görün necə görünürlər”, – deyə Ben-Qvir bildirib.

Onun davranışı İsrail hakimiyyətində də narazılıq doğurub. Gideon Saar Ben-Qviri ölkəyə zərər vurmaqda ittiham edib.

Benyamin Netanyahu isə İsrailin flotiliyanı saxlamaq hüququnu müdafiə etsə də, fəallarla rəftarın “İsrailin dəyərləri və normalarına uyğun olmadığını” bildirib.

İtaliya, Türkiyə, Fransa, Kanada, İspaniya, Portuqaliya və Niderland hadisə ilə bağlı İsrail diplomatlarını Xarici İşlər nazirliklərinə çağırıblar.

Flotiliya təşkilatçılarının məlumatına görə, aksiyada 40 ölkədən 430 nəfər iştirak edib.

Chosen
71
teleqraf.com

1Sources