
ABŞ Dəniz Piyadaları Korpusunun hərbçiləri "Celestial Sea" neft tankerinə daxil olublar. Buna səbəb gəminin ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadasını yarmağa cəhd göstərməsi ilə bağlı yaranan şübhələr olub.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Bu gün səhər saatlarında Oman körfəzində ABŞ Dəniz Piyadaları Korpusunun 31-ci ekspedisiya dəstəsinin hərbçiləri İran bayrağı altında üzən "Celestial Sea" kommersiya tankerinə daxil olublar. Sözügedən gəminin Amerika blokadasını yarmağa çalışdığına dair şübhələr yaranıb. ABŞ Silahlı Qüvvələri axtarış apardıqdan və heyətə kursu dəyişmək barədə göstəriş verdikdən sonra gəmini sərbəst buraxıb", - deyə komandanlığın "X" sosial şəbəkəsində paylaşılan bəyanatında bildirilir.
Komandanlığın iddiasına görə, İrana qarşı bir aydan çoxdur davam edən dəniz blokadası müddətində ABŞ Silahlı Qüvvələri ümumilikdə 91 kommersiya gəmisinin istiqamətini dəyişdirib.