EN

Makron Suriyaya səfərə hazırlaşır: Bölgədə nüfuz uğrunda rəqabət güclənib...

 

Fransa Prezidenti iyulda Dəməşqə gedə bilər, Paris isə Suriyada mövqelərini bərpa etməyə çalışır...

Poliqon xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron yaxın aylarda Suriyaya səfər etməyə hazırlaşır. Intelligence Online nəşrinin məlumatına görə, Fransa lideri artıq iyul ayında Dəməşqə gedə bilər.

Məlumata əsasən, mümkün səfər Qərbin Suriyada yeni hakimiyyətlə əlaqələr qurması istiqamətində atılan ən diqqətçəkən diplomatik addımlardan biri hesab olunur. Parisin əsas məqsədinin Suriyanın yeni administrasiyası ilə münasibətlər qurmaq və bölgədə zəifləyən təsir imkanlarını bərpa etmək olduğu bildirilir.

Səfər baş tutacağı halda, Makron Suriyada yeni hakimiyyətin formalaşmasından sonra Dəməşqə gedən ikinci xarici lider olacaq. Ondan əvvəl Suriya paytaxtına yalnız Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani səfər edib.

Qeyd olunur ki, Suriya lideri Əhməd əl-Şaraa da may ayında Parisə simvolik səfər edib. Bu, yeni Suriya rəhbərliyinin Qərb ölkəsi ilə ən yüksək səviyyəli ilk təması kimi qiymətləndirilib.

Intelligence Online yazır ki, Fransa Suriyada siyasi təsirini yenidən gücləndirməyə çalışsa da, tərəflər arasındakı münasibətlər hələ də “gərginliklərlə doludur”. Bildirilir ki, Fransa və Suriya xüsusi xidmət orqanları arasında əlaqələr artıq bərpa olunub.

Əməkdaşlığın əsas istiqamətlərindən biri Suriya ərazisində olan Fransa vətəndaşı xarici döyüşçülərlə bağlı məsələlərdir. Bununla belə, Paris və Dəməşq arasında qarşılıqlı etimadsızlığın davam etdiyi vurğulanır.

Analitiklərin fikrincə, Suriyada vəziyyət hələ də son dərəcə qeyri-sabit olaraq qalır. Xüsusilə kürd silahlı qüvvələrinin yeni dövlət strukturlarına inteqrasiyası Dəməşq üçün əsas problemlərdən biri hesab olunur.

Bundan əlavə, Rusiyanın Suriyadakı hərbi və logistik mövcudluğu da regiondakı qüvvələr balansına təsir göstərməkdə davam edir. Moskva Tartusdakı hərbi baza vasitəsilə Suriyada aktiv iştirakını qoruyub saxlayır.

Ekspertlər hesab edirlər ki, Makronun mümkün Dəməşq səfəri yalnız diplomatik jest deyil, həm də Yaxın Şərqdə nüfuz uğrunda yeni geosiyasi mübarizənin tərkib hissəsidir.

Poliqon.info

Chosen
45
poliqon.info

1Sources