EN

Əfqanıstanda kişilər ailələrini dolandırmaq üçün qızlarını satırlar

Humanitar yardımın azalması və ağır iqtisadi böhran ölkədə minlərlə ailəni çıxılmaz vəziyyətə salıb...

Poliqon xəbər verir ki, Əfqanıstanda dərinləşən iqtisadi və humanitar böhran ailələri ağır seçimlər qarşısında qoyub. BBC-nin hazırladığı reportajda bildirilir ki, beynəlxalq humanitar yardımların, xüsusilə ABŞ-dən ayrılan maliyyənin azalması nəticəsində ölkə əhalisinin təxminən dörddə üçü artıq ən əsas ehtiyaclarını belə qarşılaya bilmir.

Məlumata görə, ölkədə işsizlik geniş yayılıb, milyonlarla insan isə aclıq təhlükəsi ilə üz-üzə qalıb. Hazırda təxminən 4,7 milyon nəfərin ciddi ərzaq çatışmazlığı yaşadığı bildirilir. Çətin iqtisadi şəraitdə bir çox ailə başçıları gündəlik qazanc əldə etmək üçün müxtəlif yollar axtarır, bəzi hallarda isə son dərəcə ağır addımlar atmağa məcbur qalırlar.

BBC-yə danışan Əbdül Rəşid Əzimi adlı ata bildirib ki, ailəsini dolandırmaq üçün qızlarından birini satmağı düşünür. Onun sözlərinə görə, əldə olunacaq pul digər övladlarının bir neçə il yaşamasına imkan verə bilər.

“Bir qızımı satsam, ən azı dörd il digər uşaqları doyura bilərəm”, deyə o bildirib.

Reportajda qeyd olunur ki, səhiyyə problemləri də valideynləri bu cür qərarlara sövq edən əsas amillərdən biridir. Əfqanıstan sakini Səid Əhməd isə beş yaşlı qızı Şaikanı qohumlarından birinə verməyə razılaşıb. O bildirib ki, qızında appendisit və kista aşkarlanıb, müalicə xərclərini ödəmək üçün başqa çıxış yolu tapmayıb.

Səid Əhməd alıcı ilə ödənişin beş il sonra tamamlanması barədə razılıq əldə etdiyini deyib. Bu addımın məqsədi həm qızının müalicəsini təmin etmək, həm də onu dərhal itirməmək olub.

“Əgər bütün məbləği indi götürsəydim, o, qızımı dərhal aparacaqdı. Buna görə dedim ki, indi yalnız müalicə üçün lazım olan qədər pul götürəcəyəm, qalanını isə beş ildən sonra versin. Bundan sonra onu apara bilər”, deyə o izah edib.

BBC vurğulayır ki, ölkədə iqtisadi vəziyyətin ağırlaşması, humanitar yardım proqramlarının azalması və sosial təminat sisteminin zəifliyi uşaqların taleyini daha da təhlükə altına salır. Hüquq müdafiə təşkilatları isə beynəlxalq ictimaiyyəti Əfqanıstandakı humanitar vəziyyətə daha ciddi diqqət yetirməyə çağırırlar.

Poliqon.info

Chosen
30
poliqon.info

1Sources