Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) münasibətilə şəhərə gələn qonaqlar və sakinlər üçün yarmarka təşkil edilib.Metbuat.az xəbər verir ki, "Şəhərsalma yarmarkası" çərçivəsində 20-22 may tarixlərində paytaxtın üç məkanında - İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Dənizkənarı Milli Park ərazisindəki Saat qülləsi yaxınlığında və "Dəniz Mall" ətrafında müxtəlif rəngarəng proqramlar təşkil olunur. Hər gün saat 13:00-dan etibarən fəaliyyətə başlayan yarmarka köşkləri vasitəsilə Azərbaycan şirkətləri tərəfindən müxtəlif məhsulların satışı həyata keçirilir. Dənizkənarı Milli Park ərazisindəki yarmarka saat 21:00-a qədər davam edir.Mayın 20-də İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində 18:00-a qədər davam edən yarmarka ilə yanaşı musiqi proqramı da nəzərdə tutulub. Şəhər sakinləri və qonaqlar üçün müğənni Ərəstun Quliyev və "Gaga Band" çıxış ediblər.Mayın 21-də isə İçərişəhərdə axşam proqramı çərçivəsində təxminən 20 rəqs nömrəsi təqdim olunacaq. Bakı Bulvarında 19:00-21:00 aralığında müğənni Arif Nemətov və "Ayna Band"in çıxışları planlaşdırılır.Mayın 22-də İçərişəhərdə keçiriləcək axşam proqramında Joseph Abbas, "Naz Girls" və Telman Budaqovun çıxışları gözlənilir.Bundan əlavə, WUF13 çərçivəsində "Şəhərlər oyun meydançası kimi" mövzusu əsasında idmanın şəhərsalma planlaşdırılmasında mühüm rolunu vurğulamaq məqsədilə AFFA-nın dəstəyi ilə futbol meydançası qurulub. Üç gün ərzində "Dəniz Mall" yaxınlığında təşkil olunmuş meydança saat 15:00-dan 19:00-a qədər fəaliyyət göstərəcək.