EN

Əhalinin istehlak xərcləri 26,1 milyard manatı ötüb

Bu ilin birinci rübündə Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin ümumi dəyəri 26,1 milyard manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 4,6 faiz artıb.

Ümumi dəyərin 76,9 faizini pərakəndə ticarət dövriyyəsi, 19,8 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlər, 3,3 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib. Qeyd olunub ki, qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılan malların və göstərilmiş xidmətlərin dəyəri illik müqayisədə 4,2 faiz artaraq 24,9 milyard manata çatıb. Bu göstəricinin 41,7 faizi fərdi sahibkarların fəaliyyəti hesabına formalaşıb.

Əvvəlki  üç ayda  bir istehlakçı orta hesabla ayda 636,2 manat vəsait xərcləyib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 57,7 manat çoxdur. Bunun 489,5 manatı pərakəndə ticarətin payına düşüb.

Statistikaya əsasən, ölkə sakini orta hesabla ayda 272 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 217,5 manatlıq isə qeyri-ərzaq malları alıb. Bu da əhalinin istehlak aktivliyində artımın davam etdiyini göstərir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

 

1Sources