EN

Əlilliyi olan şəxslər üçün inklüziv və əlçatan şəhər mühiti - WUF13-də dəyirmi masa

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Əlilliyi olan şəxslərin hüquqları üzrə dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, “Əlçatanlıqdan kənara: hər kəs üçün adekvat mənzil hüququnun təmin edilməsi” mövzusuna həsr olunan tədbirdə əlilliyi olan şəxslər üçün inklüziv və əlçatan şəhər mühitinin formalaşdırılması məsələləri müzakirə olunub.

Tədbirin moderatoru Mikaela Patrick bildirib ki, sürətli urbanizasiya şəraitində universal dizayn prinsipləri nəzərə alınmadan inşa olunan şəhərlər dünya əhalisinin təxminən 16 faizi üçün uzunmüddətli maneələr yaradır. Onun sözlərinə görə, bu vəziyyət həm sosial təcridə, həm də sonradan yüksək maliyyə tələb edən yenidənqurma işlərinə səbəb olur.

Qeyd olunub ki, BMT-nin Əlillərin Hüquqları haqqında Konvensiyası (CRPD) və Yeni Şəhər Gündəliyi inklüziv şəhərsalmanı prioritet kimi müəyyən etsə də, praktik icra mexanizmlərində hələ də ciddi boşluqlar mövcuddur. Bu səbəbdən əlilliyi olan şəxslər mənzil təminatı və iqlim dəyişikliklərinin yaratdığı fövqəladə hallardan daha çox təsirlənən qruplar sırasında yer alır.

Bildirilib ki, tədbirin əsas məqsədi reaktiv uyğunlaşdırma yanaşmasından universal dizayn modelinə keçidi təşviq etmək, inklüziv maliyyələşdirmə, sosial müdafiə və icmaəsaslı innovativ həlləri müzakirə etməklə qlobal öhdəliklərin yerli səviyyədə tətbiqinə dəstək verməkdir.

 

1Sources