EN

NATO: Ankara Zirvəsi müttəfiqlərin öhdəliklərini yerinə yetirməsinə fokuslanacaq

NATO: Ankara Zirvəsi müttəfiqlərin öhdəliklərini yerinə yetirməsinə fokuslanacaq

NATO-nun Baş katibi Mark Rutte iyulun 7-8-də keçiriləcək Ankara Zirvəsinin müttəfiqlərin üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməsinə fokuslanacağını bildirib.

AFN.az xəbər verir ki, Rutte İsveçdə keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısı ərəfəsində Brüsseldəki NATO mənzil-qərargahında mətbuat konfransı keçirib.

Mövcud təhlükəsizlik mühitinin daha təhlükəli olduğunu deyən Baş katib buna görə də NATO müttəfiqlərinin təhlükəsizliyi təmin etmək üçün birlikdə çalışmasının kritik əhəmiyyət daşıdığını dilə gətirib.

Rutte Rusiyanın Avropa və Atlantik təhlükəsizliyi üçün ən böyük təhdid olaraq qaldığını qeyd edərək, müttəfiqlərin eyni zamanda kiberhücum və təxribat kimi təhdidlərlə də üzləşdiyini bildirib.

İsveçdə müttəfiqlərin əsas gündəm maddələri arasında Ukrayna və Yaxın Şərqin olacağına işarə edən Mark Rutte Hörmüz boğazı məsələsində müttəfiqlərin hərəkətə keçdiyini diqqətə çatdırıb.

Rutte Hörmüz boğazının bağlanmasının gəmiçilik azadlığına və qlobal ticarətə birbaşa hücum olduğunu, hazırda bir çox ölkənin gəmiçilik azadlığını təmin etməyə yönəlmiş planlar ətrafında bir araya gəldiyini bildirib.

Əsas məsələnin icraat olduğunu vurğulayan baş katib NATO-nun birbaşa daxil olmasına dair bəzi qeyri-rəsmi müzakirələrin aparıldığını və vəziyyətin dinamik olduğunu qeyd edib.

Müttəfiqlərin Haaqa Zirvəsində müdafiə xərcləri ilə bağlı tarixi bir qərar qəbul etdiyini xatırladan Rutte "Bu səbəblə Ankara Zirvəsi müttəfiqlərin öhdəliklərini yerinə yetirməsinə fokuslanacaq" qiymətləndirməsini edib.

Məsələ artıq daha çox iş görməyimizin lazım olub-olmaması deyil. Əsas sual müttəfiqlərin öhdəlikləri nə qədər sürətli şəkildə imkanlara çevirə biləcəyidir.

Ankara Zirvəsindən gözləntilərinə dair sualları cavablandıran Rutte hazırda da NATO-nun güclü olduğunu, Avropa və Kanadanın müdafiə xərclərini artırdığını ifadə edib.

Mark Rutte NATO-nun demokratiyalardan ibarət bir ittifaq olduğunu deyərək, daxili müzakirələrin təbii olduğunu və İttifaqı daha da gücləndirdiyini düşündüyünü bildirib.

Ankara Zirvəsinin İttifaq üçün ən böyük problemlərdən birinə fokuslanmasını gözlədiyini qeyd edən Rutte "Məsələ yalnız müdafiə xərclərimizi necə artıracağımız deyil, eyni zamanda bunu daha effektiv şəkildə daha çox müdafiə potensialına necə çevirəcəyimizdir" deyib.

Rutte "Ankarada gözləntim, Haaqada olduğu kimi səs gətirəcək bir çıxış edilməsi və bunun müdafiə sənayesi potensialında nəzərəçarpacaq bir artım təmin etməsidir" deyə bildirib.

Chosen
83
afn.az

1Sources