EN

Ben-Qvirdən Saara cavab: İsrail artıq “döyüləcək uşaq” deyil...

Xarici işlər naziri Gideon Saarın tənqidlərinə sərt reaksiya verən İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzzaya gedən fəallara qarşı sərt mövqeni müdafiə edib...

Poliqon xəbər verir ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir xarici işlər naziri Gideon Saarın Qəzza sektoruna doğru hərəkət edən flotiliyanın saxlanılmış fəallarının alçaldılması ilə bağlı səsləndirdiyi tənqidlərə sərt cavab verib. Nazir hökumətdə bəzi şəxslərin terroru dəstəkləyən insanlara münasibətdə necə davranmalı olduqlarını hələ də anlamadıqlarını bildirib.

Ben-Qvir qeyd edib ki, İsrail artıq beynəlxalq təzyiqlər qarşısında geri çəkilən və ya “döyüləcək uşaq” rolunu qəbul edən ölkə deyil. Onun sözlərinə görə, İsrailə gəlib HƏMAS-a dəstək nümayiş etdirən və terror təşkilatı ilə həmrəylik ifadə edən şəxslərə qarşı sərt tədbirlər görüləcək.

Nazir çıxışında xarici işlər naziri Gideon Saarın belə məsələlərdə daha qətiyyətli mövqe sərgiləməli olduğunu vurğulayıb. O bildirib ki, İsrail dövlətinin təhlükəsizliyi və milli maraqları hər şeydən üstün tutulur və ölkə artıq əvvəlki kimi “ikinci yanağını çevirməyəcək”.

Xatırladaq ki, son günlər Qəzza sektoruna humanitar məqsədlərlə yola düşdüyünü bildirən flotiliyanın bəzi iştirakçılarının saxlanılması və onlarla rəftar məsələsi İsrail daxilində siyasi müzakirələrə səbəb olub. Xarici işlər naziri Gideon Saar həmin fəallarla davranış formasını tənqid etmiş, bunun İsrailin beynəlxalq imicinə zərər verə biləcəyini bildirmişdi. Bunun ardınca Ben-Qvirin açıqlaması hökumət daxilində fikir ayrılıqlarını daha da qabardıb.

Poliqon.info

Chosen
70
poliqon.info

1Sources