EN

I Böyük Qayıdış proqramı ilin sonuna qədər yekunlaşacaq

I Böyük Qayıdış proqramı ilin sonuna qədər yekunlaşacaq

I Böyük Qayıdış proqramı bu ilin sonuna qədər yekunlaşacaq.

AFN.az APA-ya istinadən xəbər verir ki, bunu WUF13 çərçivəsində BMTM tərəfindən təşkil edilən urbisid və onun nəticələrinə dair panel sessiyasında Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O bildirib ki, 2020-ci ildən sonra görülən əsas işlərdən biri də Prezident İlham Əliyevin sərəncamı ilə 2022–2026-cı illəri əhatə edən Böyük Qayıdış proqramının hazırlanması olub: "Beləliklə, bu ilin sonuna qədər ilk proqram artıq yekunlaşır və artıq 80 mindən çox insanın bu ərazilərdə yaşaması nəzərdə tutulur. Tikinti prosesində biz Birləşmiş Milətlər Təşkilatının əsas istiqamətlərindən biri olan Dayanıqlı İnkişaf Məqsədlərini rəhbər tuturuq. Rahat həyat, yaşıl, təmiz və müasir innovasiyalar konsepsiyası baş planın əsasını təşkil edir. "Ağıllı şəhər” və "ağıllı kənd” konsepsiyası bu transformasiyanın əsas sütunlarından birinə çevrilib. Yeni yaşayış məntəqələri resurslardan səmərəli istifadəni, enerji effektivliyini, inkişaf etmiş xidmətləri və geri qayıdan sakinlər üçün daha yüksək həyat keyfiyyətini təmin etmək məqsədilə layihələndirilir. Bu səylər yalnız itirilmişi bərpa etməyə deyil, gələcək nəsillər üçün daha yaxşı, inklüziv və dayanıqlı icmalar qurmağa yönəlib.

Bu kəndlərdə müasir şəhərsalma sakinlərin gündəlik ehtiyaclarını praktik, təhlükəsiz və səmərəli şəkildə qarşılamaq üçün nəzərdə tutulub. Məktəblərə, səhiyyə xidmətlərinə, təmiz suya, ictimai xidmətlərə, bərpa olunan enerji mənbələrinə və məşğulluq imkanlarına çıxış planlaşdırma prosesinə tam inteqrasiya olunub”.

Vahid Hacıyev qeyd edib ki, məqsəd yalnız mənzil təmin etmək deyil, insanların yaşaya, işləyə və gələcəklərini qura biləcəkləri təhlükəsiz və funksional icmalar yaratmaqdır: "Eyni zamanda, əsas məqsədlərimizdən biri dayanıqlı inkişafdır və iqtisadi inkişaf onsuz mümkün deyil. Cəbrayıl, Qubadlı və Zəngilanın iqtisadi potensialı olduqca böyükdür və geniş imkanlara malikdir. Bu rayonların iqtisadi inkişafını əsasən müəyyən edəcək istiqamətlər sırasında kənd təsərrüfatı, mədən sənayesi, nəqliyyat, logistika, turizm və alternativ enerji sahələri yer alır. Azərbaycanın təcrübəsi göstərir ki, münaqişədən sonrakı bərpa prosesi uzunmüddətli planlaşdırma, güclü siyasi iradə və dayanıqlı inkişaf prinsipləri ilə həyata keçirildikdə, postmünaqişə bölgələri inkişafın, bağlantıların və sülhün hərəkətverici qüvvəsinə çevrilə bilər”.

Chosen
4
11
afn.az

10Sources