Milli Məclisin deputatı Pərvanə Vəliyeva Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində mənzil və şəhərsalma üzrə ayrıca komitənin yaradılmasını təklif edib.
“APA-Economics” xəbər verir ki, o, bu təklifi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Şəhər öhdəliklərinin milli fəaliyyətə çevrilməsi: hamı üçün mənzilə aparan parlament yolu” adlı dəyirmi masada səsləndirib.
Deputat qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin icra katibliyi Bakıda fəaliyyət göstərəcək.
UN-Habitatın icraçı direktoru Anaklaudiya Rosbax təşəbbüsü müsbət qiymətləndirərək bildirib ki, parlamentlərin qlobal mənzil gündəliyinə daha fəal qoşulması üçün belə platformalar mühüm rol oynaya bilər.