EN

Dünyada yeni virus həyəcanı: Ebola fonunda CEPI-yə böyük maliyyə dəstəyi

Avropa İttifaqı və Sinqapur yeni Ebola təhlükəsi fonunda Epidemiyalara Hazırlıq İnnovasiyaları Koalisiyasına (CEPI) ümumilikdə təxminən 100 milyon dollar həcmində maliyyə dəstəyi ayırıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, Avropa İttifaqı 2026–2027-ci illər üçün CEPI-yə 73,7 milyon avro (85,4 milyon dollar) məbləğində yeni maliyyə ayırdığını açıqlayıb. Sinqapur isə koalisiyaya 12 milyon dollar vəsait ayıracağını bildirib.

Maliyyə dəstəyi CEPI-nin növbəti beşillik strategiyası olan “CEPI 3.0” proqramı çərçivəsində istifadə olunacaq. Strategiyanın əsas məqsədi yeni və mövcud viruslara qarşı peyvəndlərin hazırlanmasını sürətləndirmək və onların 100 gün ərzində istehsal olunaraq tətbiq edilməsinə nail olmaqdır. Təşkilat bu məqsədlərin həyata keçirilməsi üçün ümumilikdə 3,6 milyard dollara ehtiyac olduğunu açıqlayıb.

CEPI-nin əsas tərəfdaşlarından olan “Gates Foundation” hələlik yeni maliyyə öhdəliyi açıqlamayıb. Fondun qlobal inkişaf üzrə prezidenti Kris Elias bildirib ki, təşkilat gələcək pandemiyalara hazırlıq baxımından “CEPI 3.0” strategiyasını vacib hesab edir və uyğun vaxtda dəstək göstərəcək.

Yeni maliyyələşmə dünyada müxtəlif virus təhlükələrinin artdığı dövrə təsadüf edir. Son günlər Konqo Demokratik Respublikası və Uqandada Bundibuqyo virusunun səbəb olduğu yeni Ebola yayılması qeydə alınıb. Hazırda bu virusa qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə mövcud deyil.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Ebola ilə bağlı son vəziyyət narahatlıq doğurur. İndiyədək təxminən 600 şübhəli yoluxma və 139 şübhəli ölüm halı qeydə alınıb.

Konqo Demokratik Respublikasında 51 yoluxma halı rəsmi təsdiqlənib. Virus ölkənin İturi əyalətində yerləşən 10 səhiyyə zonasına yayılıb və artıq Şimali Kivu bölgəsində də aşkarlanıb.

Uqandada isə virusa yoluxmuş iki idxal edilmiş hal müəyyən edilib, onlardan biri ölümlə nəticələnib. Həmçinin ABŞ vətəndaşı olan bir şəxsin də virusa yoluxduğu təsdiqlənib və o, müalicə üçün Almaniyaya göndərilib.

ÜST bildirir ki, yoluxmanın yayıldığı ərazilərdə təhlükəsizlik problemləri və əhali axını vəziyyəti daha da çətinləşdirir.

CEPI-nin baş icraçı direktoru Riçard Hatçett bildirib ki, son Ebola yayılmaları dünya ölkələrinin epidemiya təhlükələrinə qarşı hələ də kifayət qədər hazır olmadığını göstərir.

Piranə Xasiyeva

Chosen
114
qht.az

1Sources