EN

Ukraynalı deputat: Beynəlxalq maliyyə dəstəyinin şəffaf istifadəsi parlamentin əsas vəzifəsidir

Beynəlxalq maliyyə dəstəyinin şəffaf istifadəsi parlamentin əsas vəzifəsidir.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Şəhər öhdəliklərinin milli fəaliyyətə çevrilməsi: hamı üçün mənzilə aparan parlament yolu” adlı dəyirmi masada Ukrayna Ali Radasının deputatı Volodimir Kreidenko çıxış edib.

O, parlamentlərin əsas vəzifələrindən birinin beynəlxalq maliyyə dəstəyinin şəffaf və məsuliyyətli istifadəsini təmin etmək olduğunu bildirib.

V.Kreidenko qeyd edib ki, Ukraynada mənzil siyasəti xüsusilə məcburi köçkünlər, əlilliyi olan şəxslər və çoxuşaqlı ailələr üçün real nəticələr verməlidir.

Onun sözlərinə görə, parlamentlər beynəlxalq tərəfdaşlardan cəlb olunan vəsaitlərin istifadəsinə ciddi nəzarət etməlidir ki, vətəndaşlar hansı layihələrin həyata keçirildiyini və hansı nəticələrin əldə olunduğunu aydın görə bilsinlər.

Deputat bildirib ki, bu məqsədlə açıq dövlət reyestrləri, bərpa prosesinin rəqəmsal monitorinq sistemləri, kompensasiya ödənişlərinin şəffaf prosedurları, müstəqil audit və hökumətin parlament qarşısında müntəzəm hesabatlılığı vacibdir.

V.Kreidenko vurğulayıb ki, mənzil siyasəti yalnız tikinti məsələsi deyil, həm də təhlükəsizlik, əlçatanlıq və inklüzivlik məsələsidir.

O əlavə edib ki, Ukraynada müharibədən sonrakı bərpa “build back better” (“daha yaxşı şəkildə yenidən qurmaq”) prinsipi əsasında həyata keçirilməlidir.

Chosen
22
1
apa.az

2Sources