Miqrasiya idarəçiliyinin gələcəyi artıq təkcə sərhədlərdə deyil, həm də məhəllələrdə, bələdiyyələrdə və şəhərlərdə formalaşacaq.
APA xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşmaları Proqramının Azərbaycan üzrə Ölkə Ofisinin Proqram Meneceri Runze Vanq WUF13 çərçivəsində keçirilən “Miqrasiya və şəhərlər: Təhlükəsiz, innovativ və davamlı idarəetmə çərçivəsi” adlı sessiyada deyib.
O bildirib ki, miqrasiya şəhər inkişafı üçün kənar bir məsələ deyil: “Əksinə, o, şəhər idarəetmə sistemlərinin güclü və zəif tərəflərinin ən aydın şəkildə üzə çıxdığı əsas amillərdən biridir. İnsanlar iqtisadi imkanlar, münaqişələr, ekoloji stress və ya iqlim dəyişiklikləri səbəbindən köç etdikdə, ilk olaraq şəhərlərə və yaşayış məntəqələrinə gəlirlər. Çünki onlar burada mənzil, xidmətlər, nəqliyyat, məşğulluq imkanları, informasiya əldə etmək və sadəcə olaraq aidiyyət hissi axtarırlar. Məhz bu məqamda şəhər idarəetmə institutlarının rolu daha da artır. Bizim fəaliyyətimiz məcburi köçkünlük, yenidənqurma, siyasət, torpaqdan istifadə, şəhər planlaşdırılması və bələdiyyə maliyyəsi kimi sahələri əhatə edir. Bu sistemlər isə miqrasiyanın ya təzyiq yaradan, ya da dayanıqlılıq və ortaq imkanlar yaradan bir amilə çevrilməsini müəyyən edir.
Təəssüf ki, miqrasiya idarəçiliyi çox vaxt reaktiv yanaşma ilə həyata keçirilir və əsasən humanitar layihələr üzərində qurulur. Bu isə başadüşüləndir, çünki böhran dövrlərində əhali hərəkəti çox vaxt uzunmüddətli şəhər reallıqlarına çevrilir. Müvəqqəti həllər isə tədricən daimi urban struktur halını alır. Buna görə də şəhər planlaşdırılması, investisiya qərarları və xidmət modelləri miqrasiyaya yalnız reaksiya verməməli, onu əvvəlcədən nəzərə almalıdır”.