EN

MEDİA rəsmisindən sosial sabitlik xəbərdarlığı

Media şəhərsalma, mənzil siyasəti və urban dayanıqlılıq sahəsində ictimai maarifləndirmə və sosial etimadın formalaşdırılmasında mühüm rol oynayır.

"Cebheinfo.az" xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Media mənzil və şəhər dayanıqlılığı üzrə ictimai müzakirələrin aparıcı qüvvəsi kimi” adlı panel sessiyada Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov bildirib.

O qeyd edib ki, sürətli şəhərsalma, iqlim dəyişiklikləri, əhali artımı, miqrasiya və sosial transformasiya prosesləri davamlı şəhər siyasəti ilə yanaşı, ictimai iştirakçılığı da zəruri edir:

“Bu gün media yalnız informasiya ötürən platforma deyil. O, ictimai şüurun formalaşdırılması, vətəndaş iştirakının təşviqi və dövlət qurumları ilə cəmiyyət arasında əlaqələrin gücləndirilməsi üçün mühüm vasitəyə çevrilib”.

O həmçinin vurğulayıb ki, şəhər inkişafı, ekoloji risklər və sosial çağırışlarla bağlı məlumatların necə təqdim olunması ictimai etimad və qərarvermə prosesində iştirak səviyyəsinə birbaşa təsir göstərir.

Onun sözlərinə görə, şəhərlərin dayanıqlılığı yalnız infrastruktur və iqtisadi investisiyalarla təmin edilə bilməz:

“Urban dayanıqlılıq həm də məlumatlı icmalardan, ictimai dialoqdan və vətəndaşlarla dövlət qurumları arasında konstruktiv əməkdaşlıqdan asılıdır. Bu prosesdə media hökumət, vətəndaş cəmiyyəti, ekspertlər və yerli icmalar arasında körpü rolunu oynayır”.

R.Bağırov bildirib ki, peşəkar və məsuliyyətli media davamlı şəhərsalma, mənzil əlçatanlığı, ekoloji məsuliyyət və sosial inklüzivlik mövzularında daha məlumatlı ictimai müzakirələrin formalaşmasına töhfə verir.

MEDİA rəsmisi Azərbaycan Prezidenti tərəfindən 2021-ci ilin iyun ayında media sahəsində islahatların dərinləşdirilməsi ilə bağlı imzalanmış fərmanın da media inkişafına verilən önəmin göstəricisi olduğu qeyd edib:

“Media eyni zamanda ictimai dialoq platforması funksiyasını yerinə yetirir:

Dövlət qurumları, vətəndaş cəmiyyəti, yerli icmalar və digər maraqlı tərəflər arasında inklüziv dialoq şəhərlərin dayanıqlı inkişafı üçün vacibdir. Bu dialoq ictimai etimadı gücləndirir və şəhərsalma proseslərinin cəmiyyətin real ehtiyaclarına uyğun qurulmasına kömək edir”.

O çıxışında mənzil məsələsinin yalnız iqtisadi və infrastruktur mövzusu olmadığı da diqqətə çatdırıb:

“Mənzil təminatı sosial sabitlik, həyat keyfiyyəti, inklüzivlik və insanların rifahı ilə birbaşa bağlıdır. Buna görə də bu sahədə şəffaf informasiya, faktlara əsaslanan jurnalistika və məsuliyyətli ictimai müzakirələr xüsusi əhəmiyyət daşıyır”.

O data əsaslı jurnalistika və analitik reportajların mürəkkəb şəhərsalma problemlərinin cəmiyyət üçün daha anlaşıqlı formada təqdim edilməsinə imkan yaratdığını da diqqətə çatdırıb.

R.Bağırov eyni zamanda müasir informasiya mühitində dezinformasiya, manipulyativ narrativlər və təsdiqlənməmiş məlumatların sürətlə yayılması risklərinə də toxunub:

“Bu cür amillər ictimai etimadı zəiflədə, sosial birliyi poza və sağlam ictimai dialoqu çətinləşdirə bilər. Buna görə də etibarlı informasiya, etik jurnalistika və media savadlılığı dayanıqlı cəmiyyətlərin əsas elementlərindən biridir”.

O həmçinib vurğulayıb ki, Ümumdünya Şəhərsalma Forumunun ilk dəfə Qafqaz regionunda - Azərbaycanda keçirilməsi beynəlxalq təcrübə mübadiləsi və əməkdaşlıq baxımından mühüm imkan yaradır:

“Media urban transformasiyanın sadəcə müşahidəçisi deyil, ictimai maarifləndirmə, dialoq, dayanıqlılıq və sosial inklüzivliyin formalaşmasında aktiv iştirakçıdır”, - deyə R.Bağırov qeyd edib.

"Cebheinfo.az"

Chosen
1
5
cebheinfo.az

6Sources