Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində "Urban Dayanıqlılıq və Mənzilləşmə ilə bağlı İctimai Müzakirədə Media Hərəkətverici Qüvvə kimi" mövzusunda tədbir keçirilib
"Report" xəbər verir ki, tədbirdə MEDİA Agentliyinin struktur bölmə rəhbərləri, media nümayəndələri, beynəlxalq ekspertlər, parlament üzvləri və müxtəlif qurumların təmsilçiləri iştirak ediblər.
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının müəllimi Şəfəq Mehrəliyeva çıxışında WUF13 kimi beynəlxalq platformaların şəhərsalma, dayanıqlı inkişaf və urbanizasiya məsələlərinin ictimai müzakirəsində mühüm rol oynadığını bildirib:
"Belə qlobal təşəbbüslərin cəmiyyətə düzgün çatdırılmasında media peşəkarlığı, rəqəmsal kommunikasiya və keyfiyyətli ictimai məlumatlandırma xüsusi əhəmiyyət daşıyır".
Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov isə şəhərsalma və dayanıqlı inkişaf mövzularının ictimaiyyətə düzgün çatdırılmasında medianın rolundan danışıb:
"Urbanizasiya, iqlim dəyişiklikləri və şəhər dayanıqlılığı ilə bağlı məsələlərin peşəkar və məsuliyyətli şəkildə işıqlandırılması müasir informasiya mühitində vacib faktordur".
Deputat, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Rizvan Nəbiyev Azərbaycanda yaşayış məskənlərinin salınmasındakı təcrübəsindən danışıb:
"İşğaldan azad olunan ərazilərində minalanmış ərazilər yetərincə idi. Amma Azərbaycan bu əraziləri abadlaşdırmağı, sıfırdan yaratmağı bacarıb. 85 min məcburi köçkün artıq öz yurduna qayıdıb".
COP29-un Yüksəksəviyyəli Çempionu Nigar Arpadarai medianın şəhərsalmada rolu haqqında fikirlərini bildirib:
"Şəhərsalma zamanı insanların ehtiyaclarının nəzərə alınması, gender bərabərliyinin qorunması önəmlidir. Bu məsələrlərdə cəmiyyəti bilgiləndirmək də medianın üzərinə düşür".
"Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri Ayaz Mirzəyev şəhərsalma siyasətinin cəmiyyətin yaşantısına təsirsiz ötüşmədiyini qeyd edib:
"Bu sahədə qəbul olunmuş qərarlar cəmiyyətin real ehtiyacları üzərində olmalıdır. Şəhərsalmada təhlükəsizlik və rifah öncül mövzulardan biridir. Medianın üzərinə düşən vəzifə də budur ki, baş verən proseslər barədə insanları maarifləndirsin".
Peru İctimai Siyasətlər və Diplomatiya İnstitutunun direktoru Blanca Mujica Acuna Judith öz ölkəsindəki şəhər problemlərindən söz açaraq WUF13 vasitəsilə səsini dünya ictimaiyyətinə çatdırmaq istədiyini vurğulayıb.
Tədbirdə şəhər dayanıqlılığı, mənzil siyasəti, iqlim çağırışları və ictimai kommunikasiya məsələləri ətrafında fikir mübadiləsi aparılıb.