EN

Əhalinin 70% i şəhərlərdə yaşayacaq TƏHLÜKƏ, yoxsa...

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Qlobal mənzil böhranının həlli istiqamətində bu yol xəritəsi ilə irəlilədikcə, hazırda 50 faiz şəhərləşmiş olan dünyamızın cəmi iki onillik ərzində 70 faiz şəhərləşmiş bir planetə çevriləcəyini görürük”.

Bunu Davamlı İnkişaf Həlləri Şəbəkəsinin (SDSN) direktoru Ceffri Saks deyib.

O bildirib ki, davamlı İnkişaf Məqsədlərinin 2030-cu il hədəf tarixinə yaxınlaşırıq və paralel olaraq iqlim dəyişikliyi, təbii fəlakətlər, münaqişələr və yenidənqurma proseslərinin yaratdığı artan təzyiqlərlə üz-üzəyik: “Biz həm quruculuğu davam etdirməli, həm də itkiləri bərpa etməliyik. İnsanlar getdikcə daha çox şəhərlərə köçür, xüsusilə də Afrika kimi bölgələrdə. Burada əsasən gənc əhalidən və onsuz da ciddi çətinliklərlə qarşılaşan şəhərlərdən danışırıq. Bir çox yerlərdə əsas xidmətlər hələ də əlçatmazdır və insanlar fundamental imkanlara çıxış əldə edə bilmirlər”.

Əhalinin 70%-nin şəhərlərdə yaşaması yeni problemlər yaradacaq. Bəs bunun qarşısı alınmalı deyilmi?

Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Urbanizasiya əhalinin böyük şəhərlərə axını deməkdir və bu proses iqtisadi və sosial amillərlə bağlıdır: “Onun qarşısını almaq üçün isə sadə yanaşma lazımdır. İlk növbədə regionlarda vətəndaşlar üçün uyğun şərait yaradılmalıdır. Bizdə sovet hökumətinin dağıldığı dövrdən etibarən urbanizasiya olduqca yüksək səviyyədədir. Buna görə də kənd və rayon əhalisinin böyük hissəsi şəhərlərə üz tutub və bu proses hələ də davam edir. Nəticədə böyük şəhərlərdə, xüsusilə Bakı şəhərində əhalinin təxminən 20 faizi kirayədə yaşayır və bu səbəbdən kirayə qiymətləri də yüksək səviyyədə qalır”.

Ekspert əlavə edib ki, regionlarda kənd təsərrüfatı islahatları kifayət qədər aktiv templə getmir: “Vətəndaşların işlə təmin olunması, xırda və orta biznesin açılması ilə bağlı müəyyən boşluqlar qalır. Bütün bunlar isə urbanizasiya prosesinin hələ də yüksək səviyyədə davam etməsinə səbəb olur. Təhsil almaq üçün şəhərlərə gələn şəxslərin demək olar ki, heç biri öz kəndinə qayıtmır. Qızlarda bu yanaşma müəyyən qədər fərqli olsa da, ümumilikdə gənclərin 90–95 faizi böyük şəhərlərdə qalmağa üstünlük verir.

Bu məsələlərə köklü şəkildə yanaşmaq və sistemli baxış sərgiləmək lazımdır. Çünki Sovet hökuməti dağıldıqdan sonra ölkədə özəlləşdirmə proqramı başladı, vətəndaşlara pay torpaqları verildi. Amma bu gün həmin pay torpaqlarının istifadəsinin nə dərəcədə səmərəli təşkil olunduğu ilə bağlı ciddi suallar var. Mən deyərdim ki, torpaqların təxminən 70 faizi öz potensialına uyğun şəkildə istifadə olunmur. Kollektiv təsərrüfat və təşkilatların formalaşdırılması isə hökumətin ciddi dəstək proqramları nəticəsində həyata keçirilməlidir. Baxmayaraq ki, fermerlərə müəyyən dəstəklər göstərilir, kreditlər ayrılır, kənd təsərrüfatı texnikası və mexanizmlərlə bağlı yardım proqramları mövcuddur, amma düşünürəm ki, bu sahənin kompleks şəkildə təşkil olunması baxımından hələ də kifayət qədər boşluqlar qalır”.

Xarici ekspertlər də hesab edir ki, əsas məsələ əhalinin şəhərlərdə yaşamasında deyil, urbanizasiya siyasətinin necə qurulmasındadır. Harvard Universitetinin iqtisadçısı və şəhərsalma üzrə araşdırmaçısı Edvard Gleser urbanizasiyanı ümumilikdə inkişaf üçün mühüm faktor saysa da, plansız böyümənin təhlükələrinə diqqət çəkir. Onun fikrincə, şəhərlərin sürətlə böyüməsi mənzil qiymətlərinin artmasına, tıxacların çoxalmasına və infrastruktur yükünün ağırlaşmasına səbəb ola bilər.

Şəhər həyatını araşdıran tanınmış urbanist və yazıçı Jane Jacobs isə şəhərləri “mürəkkəb canlı sistem” adlandırırdı. O hesab edirdi ki, şəhərsalma yalnız tikinti və iqtisadi göstəricilər üzərində qurulduqda məhəllə münasibətləri zəifləyir, insanlar arasında sosial bağlar itir və şəhər həyatının keyfiyyəti aşağı düşür.

BMT-nin şəhərsalma və yaşayış məskənləri üzrə proqramında bildirilir ki, düzgün planlaşdırılmayan urbanizasiya sosial bərabərsizliyi dərinləşdirə, mənzil problemini gücləndirə və yoxsul təbəqələrin şəhər imkanlarından kənarda qalmasına səbəb ola bilər. Şəhər sistemlərini araşdıran fizik və alim Geoffrey Vest də böyük şəhərlərin daha mürəkkəb risklər yaratdığını vurğulayır. Onun fikrincə, əhali bir məkanda cəmləşdikcə enerji istehlakı, tullantı problemi və sosial gərginlik də daha sürətlə artır.

Ekspertlərin ortaq qənaətincə, əhalinin 70%-nin şəhərlərdə yaşaması avtomatik olaraq mənfi vəziyyət demək deyil. Lakin regionların inkişafdan geri qalması, kəndlərin boşalması və şəhərlərin plansız genişlənməsi urbanizasiyanı üstünlükdən çox problemə çevirə bilər. Buna görə də mütəxəssislər paralel regional inkişaf və balanslı şəhərsalma siyasətinin vacibliyini ön plana çıxarırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
3
moderator.az

4Sources