Ukrayna müharibəsində təşəbbüs tədricən Rusiyanın əlindən çıxır.
Musavat.com xəbər verir ki, CNN telekanalının şərhçisi Brett McGurkun yazısında belə bir qənaətə gəlinib.
Məqalənin müəllifi hesab edir ki, Pekində Donald Trump ilə görüş zamanı Si Cinpinin “Putin bir gün Ukraynaya hücum etdiyinə peşman ola bilər” fikri təsadüfi deyildi. Təhlilə görə, cəbhədə yaranan yeni reallıq artıq Moskvanın strateji üstünlüyünü sarsıdır.
Müəllfin fikrincə, Vladimir Putin 2026-cı ili dönüş nöqtəsi hesab edib. Kremlin planına görə, canlı qüvvə üstünlüyü və uzunmüddətli müharibə hesabına Rusiya ordusu Ukraynanın şərqində müdafiə xəttini yararaq Donbası tam nəzarətə götürməli idi. Lakin hadisələr əks istiqamətdə inkişaf edir. Bu il ərazi baxımından xalis irəliləyiş əldə edən tərəf məhz Ukrayna olub. Eyni zamanda Rusiya ordusunun itkiləri sürətlə artır. Qərb hesablamalarına görə, Rusiya ayda 30-40 min arası ölü və yaralı verir. Ümumi itkilərin artıq bir milyonu keçdiyi və Moskvanın bu itkini əvvəlki sürətlə kompensasiya edə bilmədiyi vurğulanır.
Müəllifin fikrincə, təzyiq artıq Rusiyanın daxilində də hiss olunur. Son günlər Rusiya parlamentindən ilk dəfə açıq şəkildə müharibənin iqtisadi baxımdan davam etdirilməsinin təhlükəli olduğu barədə açıqlamalar səslənib. Dövlət Dumasının deputatı uzunmüddətli savaşın iqtisadiyyatı çökdürə biləcəyini etiraf edib. Putinin “müharibə sona yaxınlaşa bilər” sözləri də məqalədə xüsusi vurğulanır. Çünki Kreml rəhbəri indiyə qədər bu savaşı “sonsuz fədakarlıq tələb edən ekzistensial mübarizə” kimi təqdim edirdi.
Təhlildə Ukraynanın ən böyük üstünlüyünün dron texnologiyasına çevrildiyi qeyd olunur. Bret Makqurkun fikrincə, Ukrayna artıq sadəcə müdafiə olunan dövlət deyil, müharibənin qaydalarını dəyişən hərbi innovator təsiri bağışlayır. Cəbhə boyunca 10-15 kilometrlik “ölüm zonası” formalaşıb və Rusiya ordusu davamlı dron hücumları səbəbindən irəliləyə bilmir. Ukrayna pilotsuz aparatları artıq Moskvanın dərinliklərinə qədər zərbələr endirir, hərbi aerodromları, enerji infrastrukturunu, sursat anbarlarını və logistika mərkəzlərini vurur. Təhlildə qeyd olunur ki, Putinin “Qələbə Günü” tədbirləri zamanı müvəqqəti atəşkəs ideyasına maraq göstərməsinin səbəblərindən biri də Moskvaya dron hücumları qorxusu olub.
Representative image" />
Məqalədə Ukraynanın dron hücumları Rusiyanı hava hücumundan müdafiə sistemlərini ölkə daxilinə çəkməyə, təyyarələri köçürməyə və infrastrukturunu gücləndirməyə məcbur etdiyi vurğulanır. Bu isə müharibənin xərcini Moskva üçün daha da artırır. Eyni vaxtda cəbhədə ciddi nəticə əldə edə bilməyən Kreml strateji məğlubiyyət təhlükəsi ilə üzləşir. Müəllifin fikrincə, müharibələr xəritədə çəkilən xətlərlə deyil, qarşıya qoyulan siyasi məqsədlərlə ölçülür. Putinin əsas məqsədləri isə – Ukraynanı tam nəzarət altına almaq, NATO-nu zəiflətmək və Rusiyanı yenidən dominant Avrasiya gücünə çevirmək – getdikcə əlçatmaz görünür. Kiyev artıq Rusiyanın əlçatmaz hədəfinə çevrilib, NATO isə əksinə, Finlandiya və İsveçin qoşulması ilə daha da genişlənib.
Təhlildə Si Cinpinin mövqeyinə də xüsusi yer ayrılır. Məqalənin müəllifinə görə, Çin rəhbərliyi Ukrayna müharibəsindən Tayvan məsələsi üçün dərs çıxarır. Si Cinpin Çin ordusuna 2027-ci ilə qədər Tayvan əməliyyatına hazır olmaq göstərişi versə də, Ukrayna savaşı sürətli siyasi çöküş planlarının praktikada nə qədər çətin olduğunu göstərir. Növbəti aylarda Pekin həm Rusiyanın uğursuzluqlarını, həm də Qərbin reaksiyasını diqqətlə analiz edəcək.
Məqalənin sonunda Trampın diplomatiyasına ayrıca toxunulur. Bret Makqurkun fikrincə, Tramp indiyə qədər danışıqlarda Ukraynanın zəif tərəf olduğunu əsas götürürdü və Kiyevin güzəştə getməli olduğunu düşünürdü. Lakin cəbhədə yaranan yeni vəziyyət bu yanaşmanı dəyişir. Təhlildə vurğulanır ki, artıq əsas zəiflik Ukraynada deyil, Rusiyada görünməyə başlayıb. Müəllif hesab edir ki, Vaşinqton bu vəziyyətdən istifadə etməli, NATO-nu və Ukraynaya dəstəyi gücləndirməli, həm Putinə, həm də Si Cinpinə Qərbin geri çəkilməyəcəyini göstərməlidir.
Musavat.com