EN

Yüksələn yeni güc: Şəhərsalma diplomatiyasında Azərbaycan faktoru

“Bakıda keçirilən  Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, qlobal inkişaf gündəliyində oynadığı fəal rolun və müasir dövlət idarəçiliyi modelinin mühüm göstəricilərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Dünyanın 182 ölkəsindən 45 mindən artıq iştirakçının qatıldığı forum təkcə urbanizasiya və şəhərsalma məsələlərinin müzakirə edildiyi platforma deyil, həm də Azərbaycanın geosiyasi, geoiqtisadi və humanitar gücünün beynəlxalq ictimaiyyətə təqdim olunduğu strateji diplomatik məkan funksiyasını yerinə yetirir”.

Bunu Ölkə.az-a açıqlamasında deputat Müşfiq Məmmədli deyib.

O qeyd edib ki, son illərdə Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi əsas mərkəzlərdən birinə çevrilməkdədir: “Qlobal əhəmiyyətli tədbirdən sonra WUF13-ün də Bakıda keçirilməsi beynəlxalq təşkilatların və aparıcı dövlətlərin Azərbaycana olan etimadının artdığını göstərir. Bu, eyni zamanda ölkənin təhlükəsizlik, sabitlik və beynəlxalq əməkdaşlıq baxımından etibarlı tərəfdaş kimi qəbul olunmasının nəticəsidir. Müasir beynəlxalq münasibətlər sistemində belə tədbirlərə ev sahibliyi etmək dövlətlərin yalnız diplomatik deyil, həm də geosiyasi çəkisinin göstəricisi hesab olunur”.

 Deputat vurğulayıb ki, cənab Prezident İlham Əliyevin forumun açılış mərasimində çıxışı zamanı WUF13-ü COP29-dan sonra Azərbaycanda keçirilən ən böyük beynəlxalq tədbir kimi xarakterizə etməklə ölkənin artıq regional deyil, qlobal gündəlik formalaşdıran aktorlardan birinə çevrildiyini nümayiş etdirdi: “Dövlət başçısının çıxışında səsləndirilən əsas tezislərdən biri şəhərsalmanın yalnız tikinti və infrastruktur məsələsi deyil, insan rifahına, təhlükəsizliyə, sosial təminata və ekoloji davamlılığa xidmət edən strateji dövlət siyasəti olması idi.
Müasir dövrdə urbanizasiya prosesi qlobal təhlükəsizlik, iqtisadi inkişaf və sosial sabitliklə birbaşa bağlı olan əsas amillərdən biri hesab edilir. Sürətli urbanizasiya şəraitində şəhərlərin idarə olunması, ekoloji balansın qorunması, nəqliyyat, enerji və yaşayış problemlərinin həlli dövlətlərin qarşısında duran əsas çağırışlardandır. Azərbaycan isə bu istiqamətdə formalaşdırdığı inkişaf modeli ilə regionda yeni yanaşma ortaya qoyur. Son illərdə Bakıda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, “ağıllı şəhər” konsepsiyalarının tətbiqi, yaşıl enerji və rəqəmsal idarəetmə mexanizmlərinin inkişafı bunu açıq şəkildə göstərir.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycanın tarixi-mədəni irsi ilə müasir urbanizasiya arasında yaratdığı harmoniyanın vurğulanması oldu. Dövlət başçısı Bakının tarix və müasirliyin vəhdətini özündə birləşdirən nadir şəhərlərdən biri olduğunu qeyd etdi. İçərişəhərdən Bakı Bulvarına, XIX əsr Avropa memarlığından müasir memarlıq nümunələrinə qədər uzanan inkişaf xətti Azərbaycanın milli-mədəni kimliyinin qorunması ilə modernləşmə arasında uğurlu balans yaratdığını nümayiş etdirir. Bu isə müasir dünyada milli kimliyin qorunması ilə qlobal inteqrasiyanın uzlaşdırılması baxımından mühüm model hesab edilə bilər”.

 Deputat əlavə edib ki, Forumun ən mühüm strateji istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması idi: “Prezident İlham Əliyev çıxışında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan yenidənqurma işlərinin miqyasını xüsusi vurğuladı. Müasir yollar, hava limanları, tunellər, körpülər, sosial obyektlər, məktəblər, xəstəxanalar və yaşayış komplekslərinin inşası Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi ən genişmiqyaslı layihələrdən biridir.

Bu proses xüsusilə Böyük Qayıdış Proqramı çərçivəsində yeni sosial və iqtisadi modelin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Uzun illər işğal altında qalmış ərazilərin qısa müddət ərzində yenidən qurulması və insanların doğma torpaqlarına qayıdışı yalnız humanitar məsələ deyil, həm də siyasi və geostrateji xarakter daşıyır. Azərbaycan burada təkcə infrastruktur yaratmır, eyni zamanda dayanıqlı yaşayış modeli, müasir şəhərsalma sistemi və yeni iqtisadi məkan formalaşdırır. Qarabağda tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları regionun gələcək inkişaf modelinin əsasını təşkil edir.
WUF13 Azərbaycanın “yumşaq güc” siyasətinin də mühüm elementlərindən biri kimi qiymətləndirilə bilər. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu artıq yalnız hərbi və iqtisadi potensialla ölçülmür. Humanitar diplomatiya, mədəniyyət, ekologiya, şəhərsalma və beynəlxalq tədbirlər vasitəsilə formalaşdırılan imic də böyük əhəmiyyət daşıyır. Bakı artıq yalnız enerji diplomatiyasının mərkəzi deyil, eyni zamanda qlobal urbanizasiya və dayanıqlı inkişaf məsələlərinin müzakirə olunduğu beynəlxalq platformaya çevrilməkdədir.
Forum həmçinin Azərbaycanın gələcək inkişaf prioritetlərini beynəlxalq ictimaiyyətə təqdim etməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Şəhərsalma, rəqəmsal transformasiya, yaşıl enerji, ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf sahəsində həyata keçirilən layihələr göstərir ki, Azərbaycan gələcək dövrdə də modernləşmə siyasətini davam etdirmək niyyətindədir. Bu yanaşma ölkənin iqtisadi inkişaf strategiyası ilə yanaşı, beynəlxalq arenadakı mövqeyinin də güclənməsinə xidmət edir.

WUF13 bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq yalnız regional güc mərkəzi deyil, həm də qlobal səviyyədə təşəbbüslərlə çıxış edən və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən mühüm aktorlardan biridir. Bakı isə siyasi və iqtisadi paytaxt olmaqla yanaşı, qlobal urbanizasiya, şəhərsalma və dayanıqlı inkişaf gündəliyinin formalaşdırıldığı nüfuzlu beynəlxalq mərkəzə çevrilməkdədir.

Nəticə etibarilə, Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, strateji əhəmiyyətinin və müasir inkişaf modelinin dünya miqyasında yüksək qiymətləndirilməsinin növbəti mühüm göstəricisidir. Forum göstərdi ki, Azərbaycan gələcək dövrdə də şəhərsalma, ekoloji təhlükəsizlik, humanitar inkişaf və beynəlxalq əməkdaşlıq istiqamətində qlobal təşəbbüslərdə fəal iştirak etməyə davam edəcək”.

Mürtəza

Chosen
3
4
olke.az

6Sources