EN

“Azərbaycanda əhalinin 95 faizinin mənzil sahibi olması məni heyrətləndirdi” -

“WUF13 çərçivəsində keçirilən müzakirələr olduqca aktualdır və mənzil böhranının həlli, icmaların dayanıqlılığının artırılması, qeyri-rəsmi yaşayış məntəqələrinin formallaşdırılması kimi məsələlərə real cavablar verir”.Bunu Metbuat.az-ın müxbirinə WUF13 çərçivəsində keçirilən tədbirdə iştirak edən Zimbabvenin Milli Mənzil və Sosial İnfrastruktur naziri Paul Mavima forumla bağlı təəssüratlarını bölüşərkən deyib. Nazir bildirib ki, sessiyalar zamanı müxtəlif ölkələrdə mövcud vəziyyət və tətbiq olunan həll yolları ətraflı şəkildə təqdim olunur: “Yeni başa çatan dialoq müxtəlif həllərin bir araya gətirildiyi mühüm platforma idi. Burada hökumətlərin, icmaların və insanların problemlərin həlli istiqamətində necə çalışdığı nümayiş etdirildi. Bu, xüsusilə siyasətçilər və dövlət qurumları üçün çox faydalıdır".Onun sözlərinə görə, forum zamanı əldə edilən məlumatlar iştirakçı ölkələrin milli siyasətlərinin formalaşdırılmasına da töhfə verəcək. Professor Paul Mavima Azərbaycan və Bakı haqqında da yüksək fikirlər səsləndirib:“Sizin çox gözəl ölkəniz var. Xüsusilə mənzil sektoru üzrə inkişaf səviyyəsi çox təsiredicidir. Burada əhalinin təxminən 95 faizinin mənzil sahibi olması məni heyrətləndirdi”.Nazir qeyd edib ki, Azərbaycan hökumətinin mənzil siyasəti diqqətəlayiq nümunədir:“Hökumət insanlara sadəcə ev vermir, eyni zamanda əlverişli faizlərlə mənzil tikib satışını təşkil edir. Məncə, bu model digər ölkələr tərəfindən də tətbiq oluna bilər”.O, Bakının təmizliyi və şəhərsalma inkişafını da xüsusi vurğulayıb:“Şəhər çox təmiz, yaxşı təşkil olunmuş və sürətlə inkişaf edən şəhərdir. Yeni tikililər şəhərin inkişaf tempini aydın şəkildə göstərir”.Zimbabveli nazir Azərbaycan xalqının qonaqpərvərliyinə görə də təşəkkür edib:“İnsanlar olduqca mehriban və qonaqpərvərdir. Biz burada olmaqdan həqiqətən zövq alırıq. Azərbaycan hökumətinə və xalqına təşəkkür edirik”.

Gülbəniz Hüseynli / Metbuat.az

Chosen
29
2
metbuat.az

3Sources