EN

Qarabağ və Şərqi Zəngəzurda "ağıllı kəndlər" dayanıqlı məskunlaşma prinsipləri əsasında qurulur - Vahid Hacıyev

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə n"ağıllı kəndlər" dayanıqlı məskunlaşma prinsipləri əsasında qurulur.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Tətbiqdə şəhər dəyər zənciri: Azərbaycanda ağıllı və dayanıqlı şəhər layihələrinin həyata keçirilməsi" mövzusunda tədbirdə deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dayanıqlı inkişaf və davamlı yenidənqurma istiqamətində fəaliyyətini davam etdirir.

V.Hacıyev qeyd edib ki, 2020-ci ildə ərazilərin işğaldan azad edilməsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb.

"İlk həyata keçirilən təşəbbüslərdən biri 2022-2026-cı illəri əhatə edən Böyük Qayıdış Proqramı oldu. Bu proqram keçmiş məcburi köçkünlərin dayanıqlı şəkildə geri qayıdışını təmin etmək məqsədilə çoxsaylı tədbir və hədəfləri özündə birləşdirir", - deyə o bildirib.

Onun sözlərinə görə, proqram çərçivəsində yaşayış evlərinin tikintisi, ərazilərin inkişafı, avtomobil və dəmir yollarının, eləcə də digər zəruri infrastrukturun qurulması, həmçinin regionda investisiya imkanlarının yaradılması əsas prioritetlər sırasındadır.

"Məqsədimiz yalnız evlərin yenidən qurulması deyil, keçmiş məcburi köçkünlərin ləyaqətli və uzunmüddətli inamla geri qayıda biləcəyi təhlükəsiz, dayanıqlı və yaşamaq üçün əlverişli icmalar yaratmaqdır", - deyə V.Hacıyev vurğulayıb.

O qeyd edib ki, artıq Ağalı, Məmmədbəyli və Horovlu kəndləri kimi layihələr həyata keçirilib.

"Bu kəndlər işğal dövründə tamamilə dağıdılmışdı. Hazırda isə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə yeni dizaynlı ağıllı şəhər və ağıllı kəndlər inşa olunur", - deyə o bildirib.

V.Hacıyev əlavə edib ki, kəndlərin layihələndirilməsi enerji səmərəli texnologiyalar, dayanıqlı materiallar, ağıllı infrastruktur və rəqəmsal həllər əsasında aparılıb.

"Mənzillərdən ictimai xidmətlərə, infrastrukturdan yaşıl zonalara qədər bütün elementlər bir məqsədə xidmət edir - gələcək üçün komfortlu, ekoloji baxımdan dayanıqlı və iqtisadi cəhətdən səmərəli icmalar yaratmaq", - deyə o qeyd edib.

Onun sözlərinə görə, müasir şəhərsalma yanaşması sakinlərin gündəlik ehtiyaclarını təhlükəsiz, praktik və effektiv şəkildə qarşılamağa hesablanıb.

V.Hacıyev bildirib ki, Horadiz-Ağbənd avtomobil və dəmir yolu layihələri regionun nəqliyyat bağlantılarının gücləndirilməsində mühüm rol oynayır.

"Bu yollar bizi birbaşa Ağbəndə və Naxçıvana bağlayır", - deyə o vurğulayıb.

O qeyd edib ki, layihələr çərçivəsində təhsil və səhiyyə müəssisələri, ictimai xidmət obyektləri, hotel və digər sosial infrastruktur yaradılıb.

"Ərazidə çay sularının yönləndirildiyi göl və həmin su ehtiyatları əsasında qurulan hidroenerji sistemi mövcuddur. Bu sistem hazırda təxminən 500 ailənin yaşadığı iki kəndin enerji təminatını qarşılamaq üçün kifayətdir", - deyə V.Hacıyev bildirib.

O əlavə edib ki, Horovlu kəndində də oxşar ağıllı həllərin tətbiqi ilə tikinti işləri davam etdirilir.

V.Hacıyev vurğulayıb ki, əsas məqsəd yalnız yaşayış məntəqələrinin tikilməsi deyil, onların effektiv idarə olunmasının təmin edilməsidir.

"Bu məqsədlə GIS platforması əsasında fəaliyyət göstərən ağıllı idarəetmə sistemi tətbiq olunur. Sistem kənd və şəhərlərin baş planlarını vahid platformada inteqrasiya edir", - deyə o bildirib.

Onun sözlərinə görə, bütün torpaq sahələri, binalar, yollar, kommunal şəbəkələr, enerji, qaz, su və rabitə xətləri həmin idarəetmə sistemində əks olunur.

"Platforma tikinti və infrastruktur proseslərinin real vaxt rejimində monitorinqinə, daha sürətli qərar qəbuluna və gələcək inkişafın daha səmərəli idarə olunmasına imkan yaradır", - deyə V.Hacıyev əlavə edib.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum") keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Chosen
15
day.az

1Sources