EN

“EcoHub” WUF13 çərçivəsində su dayanıqlılığına həsr olunmuş tədbir keçirib

“EcoHub” – Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi Ümumdünya Şəhərsalma Forumunn 13-cü Sessiyası (WUF13) çərçivəsində "İcmalardan şəhərlərə su dayanıqlılığı: Əlçatanlıq, səmərəlilik və davamlılıq" mövzusunda tədbir keçirib.

WUF “Urban Expo” sərgisinin QHT Agentliyi pavilyonunda baş tutan tədbir “EcoHub”ın təşkilatçılığı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı və “The Coca-Cola Company”nin dəstəyi ilə həyata keçirilib.

Tədbirə dövlət qurumlarının, beynəlxalq və yerli şirkətlərin, vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələri qatılıb. İştirakçılar Azərbaycanda və regionda su dayanıqlılığının gücləndirilməsinə yönəlik praktiki yanaşmaları müzakirə ediblər.

Tədbirdə çıxış edən “EcoHub”ın sədri Tükəzban Ağababayeva ekoloji çağırışların həllində tərəfdaşlığın əhəmiyyətindən danışıb. O qeyd edib ki, su təhlükəsizliyi artıq yalnız ekoloji məsələ olmayıb, cəmiyyətin bütün sektorlarının fəal iştirakını tələb edən iqtisadi, sosial və inkişaf prioritetinə çevrilib.

"EcoHub olaraq inanırıq ki, heç bir təşkilat bugünkü ekoloji çağırışları təkbaşına həll edə bilməz. Davamlı etimadı və dəstəyi üçün QHT Agentliyinə, Dövlət Su Ehtiyatları Agentliyinə, “Coca-Cola” Fonduna və CCI Azərbaycana minnətdarlığımı bildirirəm”, - deyə Tükəzban Ağababayeva vurğulayıb.

“EcoHub”ın əməliyyatlar üzrə direktoru Əkbər Mikayılovun moderatorluğu ilə keçirilən panel müzakirəsində “The Coca-Cola Company”nin Avrasiya və Orta Şərq Əməliyyat Bölməsi üzrə dayanıqlılıq direktoru Ece Gilava, "Carlsberg Azerbaijan"ın Korporativ ünsiyyətlər üzrə rəhbəri Lalə Əfəndi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin Suyun təhlükəsizliyi sektorunun müdiri və “AgroElm” MMC-nin təsisçisi Tərlan Cərullazadə çıxış ediblər.

Müzakirə dayanıqlı su təminatı, su istifadəsində səmərəlilik, innovativ suvarma texnologiyaları, korporativ su idarəçiliyi və çoxtərəfli tərəfdaşlığın rolu kimi mövzulara həsr olunub.

“The Coca-Cola Company” adından çıxış edən Ece Gilava şirkətin qlobal məqsədinin 2035-ci ilə qədər 200-dən çox yüksək riskli məkanın hər birində 100 faiz su bərpa səviyyəsinə çatmaq olduğunu bildirib.

"The Coca-Cola Foundation” və CCI Azərbaycanın maliyyə dəstəyi ilə Şamaxının Mərzəndiyyə və Şabranın Sincanboyad kəndlərində suya əlçatanlıq layihələri həyata keçirmişik və bu layihələrdən 2180-dən çox insan faydalanıb. Hazırda Xızı rayonunun Şorabad kəndində oxşar işləri davam etdirməyi nəzərdə tutmuşuq”, - deyə E.Gilava qeyd edib.

O, həmçinin əlavə edib ki, həqiqi və davamlı təsir biznes, vətəndaş cəmiyyəti, hökumət, yerli icmalar və beynəlxalq tərəfdaşlar arasında birgə fəaliyyət tələb edir və məhz bu səbəbdən WUF kimi platformalar belə dəyərlidir, onlar dialoqu, tərəfdaşlığı və işləyən həll yollarının miqyaslandırılmasını mümkün edir.

Çıxış edənlər iqlim dəyişikliyi, urbanizasiya və əhali artımı kontekstində su təhlükəsizliyinin getdikcə daha kritik prioritetə çevrildiyini, daha dayanıqlı su sistemlərinin qurulması üçün dövlət qurumları, biznes, vətəndaş cəmiyyəti təşkilatları və icmalar arasında əlaqələndirilmiş fəaliyyətin zəruriliyini vurğulayıblar.

Tədbir şəbəkələşmə sessiyası ilə başa çatıb.

Chosen
35
8
azerbaijan-news.az

10Sources