ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Dünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyasının bu günartıq 4-ü günüdür. Sessiya çərçivəsində bir sıra iclaslar baş tutub və topklantılarda yerli, eləcə də xarici ziyarətçilər iştirak edib.
Cənubi Afrika Respublikasından olan turist Cassandra Nkuna Avtosfer.az-a müsahibəsində forumun əhəmiyyətindən danışıb. O bildirib ki, tədbir şəhərsalma, mənzil təminatı və dayanıqlı inkişaf sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platformadır.
Cassandra Nkuna qeyd edib ki, o, daha əvvəl WUF-12-də də iştirak edib və həmin forum zamanı müxtəlif beynəlxalq təşkilatlar və maliyyə institutları ilə faydalı əlaqələr qurmaq imkanı əldə olunub. Onun sözlərinə görə, bu cür platformalar ölkələrin mənzil problemlərinin həlli, eləcə də infrastruktur layihələrinin maliyyələşdirilməsi istiqamətində təcrübə mübadiləsinə şərait yaradır.
O vurğulayıb ki, bələdiyyələrin həyata keçirdiyi infrastruktur layihələri şəhərlərdə mövcud problemlərin aradan qaldırılması və yaşayış məntəqələrinin daha sağlam təməl üzərində qurulması üçün xüsusi əhəmiyyət daşıyır.
Cassandra Nkuna bu il forumun əsas diqqət mərkəzində dayanıqlı və davamlı şəhərlərin qurulmasının dayandığını bildirib:
“Bu ilin əsas mövzusu dayanıqlı şəhərlərin formalaşdırılmasıdır. İnşa olunan icmaların davamlı və gələcək çağırışlara hazır olması çox vacibdir. Mən Afrikadan gəlmişəm və iqlim dəyişikliklərinin təsirlərini ciddi şəkildə hiss edirik. Mövcud infrastruktur bir çox hallarda sərt hava şəraitinə tab gətirə bilmir. Buna görə də daha dayanıqlı və iqlim dəyişikliklərinə uyğunlaşan layihələrin həyata keçirilməsi vacibdir”.
O əlavə edib ki, forum Afrika şəhərləri üçün də yeni imkanlar yaradır. Burada müxtəlif beynəlxalq təşkilatlar və maliyyə institutları ilə görüşərək daha dayanıqlı şəhər və icmaların qurulması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunur.
Cassandra Nkuna forumun qlobal problemlərin həlli istiqamətində ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verdiyini də qeyd edib.
Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.