EN

Azərbaycan qlobal şəhərsalma gündəliyinin mühüm iştirakçısına çevrilir



Cənab Prezident İlham Əliyevin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında çıxışı Azərbaycanın son illərdə beynəlxalq əməkdaşlıq və inkişaf strategiyasının mühüm istiqamətlərini bir daha nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrindən gəlmiş minlərlə nümayəndənin iştirakı ilə təşkil olunan forum təkcə şəhərsalma məsələlərinin müzakirəsi deyil, həm də Azərbaycanın beynəlxalq nüfuzunun növbəti təsdiqi kimi qiymətləndirilə bilər. Dövlət başçısının qeyd etdiyi kimi, forumda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi tədbirin miqyasını və ona göstərilən marağı açıq şəkildə nümayiş etdirir. Bu, COP29-dan sonra Azərbaycanın ev sahibliyi etdiyi ikinci ən böyük beynəlxalq tədbir hesab olunur. Belə mötəbər platformaların Bakıda keçirilməsi ölkəmizin artıq qlobal müzakirə məkanlarından birinə çevrildiyini göstərir.

Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın coğrafi mövqeyinin tarix boyunca mühüm üstünlük olduğunu vurğuladı. Avropa ilə Asiyanın qovşağunda yerləşən ölkəmiz əsrlər boyu müxtəlif sivilizasiyaların bir araya gəldiyi məkana çevrilib. Bu amil özünü ölkənin memarlığında və şəhərsalma ənənələrində də göstərir. Xüsusilə Bakı şəhəri qədim tarixin və müasir inkişafın ahəngdar birləşməsinin nümunəsidir. İçərişəhərin qədim qala divarlarından başlayaraq müasir göydələnlərə, tarixi memarlıq nümunələrindən yeni urbanizasiya layihələrinə qədər Bakının simasında keçmişlə gələcəyin sintezi aydın hiss olunur. Dövlət başçısının da vurğuladığı kimi, şəhərsalma Azərbaycanda yalnız infrastruktur layihəsi deyil, həm də mədəni və tarixi irsin qorunması siyasətidir. Təsadüfi deyil ki, bu il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunub. Bu qərar şəhər inkişafına verilən xüsusi əhəmiyyətin göstəricisidir. Son illər BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndidə milli şəhərsalma forumlarının keçirilməsi də bu istiqamətdə həyata keçirilən siyasətin mühüm tərkib hissəsidir. Azərbaycanın qədim şəhərləri və tarixi irsi dünya sivilizasiyasına mühüm töhfələr verib. Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Qəbələ və Lahıc kimi yaşayış məkanları təkcə tarix deyil, həm də memarlıq məktəbləridir. Bu şəhərlərdə yerləşən abidələr xalqımızın yüksək mədəni düşüncəsinin və yaradıcılıq potensialının ifadəsidir.

Cənab Prezident İlham Əliyev çıxışında Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma prosesinə də xüsusi yer ayırdı. Otuz ilə yaxın müddətdə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması hazırda dövlətin əsas prioritetlərindən biridir. Böyük Qayıdış proqramı çərçivəsində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Burada təkcə infrastruktur qurulmur, həm də insanların normal həyat şəraitinin təmin olunması üçün məşğulluq imkanları yaradılır. Yeni sənaye parklarının və iqtisadi zonaların yaradılması doğma torpaqlarına qayıdan insanların sosial rifahının təmin edilməsinə xidmət edir.Qısa müddətdə yüzlərlə körpünün tikilməsi, tunellərin inşası, hava limanlarının istifadəyə verilməsi, məktəb və xəstəxanaların yaradılması regionun yeni inkişaf modelinə çevrildiyini göstərir. Artıq on minlərlə vətəndaş doğma torpaqlarına qayıdaraq yaşayır, işləyir və təhsil alır. Dövlət başçısının çıxışında diqqət çəkən mühüm məqamlardan biri də ekoloji mühitin yaxşılaşdırılması istiqamətində görülən işlər idi. Vaxtilə neft sənayesinin yaratdığı ekoloji problemlərlə üzləşən Bakı bu gün müasir və yaşıl şəhər konsepsiyasına uyğun şəkildə inkişaf edir. Keçmişdə çirklənmiş sənaye zonası olan Qara şəhərin Ağ şəhərə çevrilməsi bunun ən uğurlu nümunələrindəndir.

Ekoloji təhlükəsizlik də müasir şəhərsalmanın əsas istiqamətlərindən biridir. Bakı şəhəri uzun illər ərzində neft sənayesinin təsirlərindən ciddi şəkildə əziyyət çəkib. Ətraf mühitə diqqətsiz yanaşma nəticəsində şəhərin bəzi hissələri ciddi çirklənməyə məruz qalmışdı. Lakin son iyirmi il ərzində həyata keçirilən layihələr Bakının simasını tamamilə dəyişib. Yeni parkların yaradılması, ictimai məkanların genişləndirilməsi, müasir nəqliyyat sistemlərinin qurulması və yaşıl texnologiyaların tətbiqi paytaxtın inkişafında yeni mərhələ formalaşdırıb. Bu gün Bakı yalnız sürətlə inkişaf edən şəhər deyil, həm də insan rahatlığını, ekoloji təhlükəsizliyi və tarixi irsi bir araya gətirən urbanizasiya modelinə çevrilməkdədir.

Cənab Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycanın inkişaf strategiyası yalnız bugünkü ehtiyaclara hesablanmır. Burada əsas məqsəd gələcək nəsillərə sağlam, təhlükəsiz və mədəni irsi qorunan bir mühit ötürməkdir. Keçmişi qorumaqla gələcəyi qurmaq ideyası Azərbaycan şəhərsalma siyasətinin əsas fəlsəfəsini təşkil edir və bu yanaşma artıq beynəlxalq səviyyədə diqqət çəkən uğurlu modelə çevrilməkdədir. Azərbaycan şəhərsalmanı sadəcə binaların tikilməsi kimi deyil, insanların həyat keyfiyyətinin yüksəldilməsi və gələcək nəsillərə sağlam mühitin ötürülməsi kimi qəbul edir. Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi isə ölkəmizin bu istiqamətdə artıq qlobal təşəbbüslər irəli sürən dövlətlərdən biri olduğunu göstərir.


Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini.




Chosen
72
50
aia.az

10Sources