EN

6 yaşlı məktəbli təsadüfən 1300 illik qılınc tapıb

Norveçli məktəbli ekskursiya zamanı torpaqdan çıxan paslı bir əşya görüb. Sonradan məlum olub ki, bu, vikinqlər dövründən əvvəlki zamana aid 1300 illik qılıncdır...

Poliqon xəbər verir ki, bu barədə New York Post yazıb.

Məlumata görə, 6 yaşlı məktəbli Henrik Refsnes Myortvedt Norveçin İnlandet bölgəsində məktəb ekskursiyasında olarkən qeyri-adi tapıntını aşkarlayıb. Bundan sonra müəllimlər və şagirdlər yerli arxeoloqlara müraciət ediblər.

Ekspertiza nəticəsində məlum olub ki, məktəbli Skandinaviyada Merovinqlər dövrünə (eramızın 550–880-ci illəri) aid tək ağızlı qılınc tapıb. Bu dövr regionda məşhur vikinqlər erasından əvvələ təsadüf edir.

Qılınc torpaqdan çıxarıldıqdan sonra Oslo şəhərindəki Mədəniyyət Tarixi Muzeyinə aparılıb. Orada artefakt araşdırılacaq və xüsusi konservasiya prosesi həyata keçiriləcək.

Nəşrin məlumatına görə, silah güclü şəkildə korroziyaya uğrayıb. Lakin rentgen müayinəsi və metallurgiya analizi onun sirlərini üzə çıxara bilər. Alimlər qılıncın quruluşunu araşdırmaq və onun əsrlər əvvəl necə istifadə edildiyini müəyyənləşdirmək niyyətindədirlər.

Ekspertlər hesab edir ki, qılınc yüksək statuslu döyüşçüyə və ya fermerə məxsus ola bilər.

Poliqon.info

Chosen
21
poliqon.info

1Sources