EN

Dövlət qulluqçularının pensiyası ARTIRILACAQ?

Azərbaycanda qulluq stajına əsasən əmək pensiyalarının hesablanması qaydalarının yenilənməsi müzakirə olunur. Bu məsələ Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında imzalanmış 2026–2028-ci illəri əhatə edən Baş Kollektiv Sazişdə öz əksini tapıb. Sənəddə pensiya sisteminin maliyyə dayanıqlığının artırılması, qanunvericiliyin təkmilləşdirilməsi və xidmətlərin daha şəffaf təşkili əsas prioritetlər sırasında göstərilib.

İqtisadçı Xalid Kərimlinin News365.az-a açıqlamasına görə, hazırda qulluq stajına görə əmək pensiyaları 10 ildən 25 ilə qədər olan iş müddəti əsasında hesablanır. Mövcud qanunvericiliyə əsasən, pensiya məbləği son əməkhaqqı və qulluq müddətinə uyğun müəyyənləşdirilir.


Ekspert qeyd edib ki, hökumət yeni mexanizmdə daha differensial yanaşma tətbiq etməyi planlaşdırır. Məqsəd yalnız qulluq stajını deyil, şəxsin ümumi əmək fəaliyyətini də daha ədalətli şəkildə nəzərə almaqdır. Təklif olunan dəyişikliklərin gələcəkdə indeksləşdirmə zamanı pensiyaların baza hissəsinə də təsir göstərəcəyi bildirilir.

Yeni model çərçivəsində dövlət qulluqçuları, hərbi xidmət əməkdaşları və hüquq-mühafizə orqanlarında çalışan şəxslərin sosial təminatının yaxşılaşdırılması nəzərdə tutulur. İlkin mərhələdə 15 ilə qədər qulluq stajının əsas meyar kimi götürülməsi planlaşdırılır. Daha sonrakı mərhələdə isə sonuncu əməkhaqqının əsas göstərici kimi tətbiqi gözlənilir.

Mütəxəssislər hesab edirlər ki, bu yanaşma xüsusilə aşağı və orta vəzifələrdə çalışan dövlət qulluqçuları, hərbçilər və hüquq-mühafizə əməkdaşları üçün pensiya məbləğinin artmasına imkan yarada bilər. Yeni mexanizmin daha şəffaf və rəqəmsal pensiya sistemi formalaşdıracağı da vurğulanır.

News365.az

Chosen
36
news365.az

1Sources