EN

Kafedə müştəri qadın ofisianta görə icarədarı döydü - MƏHKƏMƏ

Nərimanov Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Vüsal Vəlizadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarının 5.1-ci bəndi tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.


Qeyd: Vüsal Vəlizadə ictimai yerdə baş vermiş mübahisə zamanı kafe icarədarına qarşı zor tətbiq etməkdə və xuliqanlıq əməli törətməkdə ittiham olunub.


İttihama əsasən, hadisə 2025-ci ildə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Cənub” kafesində baş verib.

Belə ki, təqsirləndirilən şəxslə həmin kafenin icarədarı olan zərərçəkmiş Habil Fərəcov (adı, soyadı şərtidir) aralarında mübahisə yaranıb. Bu zaman o, ictimai qaydanı kobud şəkildə pozmaqla xuliqanlıq hərəkətləri törədib.


Vüsal Vəlizadə heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsi nalayiq ifadələrlə təhqir edib, cəmiyyətdə qəbul olunmuş davranış qaydalarına qərəzli şəkildə etinasızlıq nümayiş etdirərək ətrafdakı şəxslərə açıq hörmətsizlik göstərib.


Bundan sonra o, Habilə qarşı fiziki zor tətbiq edərək yumruq zərbələri endirib. Hadisə nəticəsində zərərçəkmiş şəxsə alt dodağın selikli qişasının iri ölçülü qansızma sahəsi fonunda əzilmiş-cırılmış yara şəklində bədən xəsarəti yetirilib.


Məhkəmə-tibbi ekspertiza ilə müəyyən olunub ki, həmin xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olub və dərəcəsinə görə sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilib.


Toplanmış sübutlar əsasında Vüsal Vəlizadə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan olunub.


Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bildiyini qeyd edib. O, ifadəsində göstərib ki, hadisə günü tanışı ilə birlikdə pivə içmək məqsədilə “Cənub” kafesinə gəlib.


Vüsalın sözlərinə görə, kafedə əyləşərək pivə sifariş veriblər. Bir müddət sonra tanışı kafedə çalışan qadın ofisiantdan obyektin gecə saatlarında fəaliyyət göstərib-göstərmədiyini soruşub. Həmin qadın suala kobud şəkildə cavab verib və bundan sonra tanışı ilə qadın arasında mübahisə yaranıb.


Təqsirləndirilən şəxs bildirib ki, hər iki şəxsi sakitləşdirməyə çalışdığı zaman kafenin icarədarı onların yanına gələrək ünvanlarına nalayiq ifadələr işlədib və onları obyektdən çıxarmağa çalışıb.


O qeyd edib ki, Habilə söyüş söyməməsini və özünü normal aparmasını desə də, qarşı tərəf yenidən onu təhqir edib. Nəticədə tərəflər arasında mübahisə daha da kəskinləşib.


Vüsalın sözlərinə görə, baş vermiş mübahisə zamanı zərərçəkmiş şəxs onu yenidən təhqir etdiyindən o, bir dəfə yumruq zərbəsi ilə zərərçəkmiş şəxsin ağız nahiyəsinə vurub.


Bundan sonra kafedə olan digər şəxslər araya girərək tərəfləri ayırıblar. Təqsirləndirilən şəxs kafeni tərk etdikdən sonra isə zərərçəkmiş şəxsin polisə müraciət etdiyini öyrəndiyini bildirib.


O, hadisənin təxminən 5-10 dəqiqə davam etdiyini, zərərçəkmiş şəxsin ona hər hansı bədən xəsarəti yetirmədiyini də ifadəsində qeyd edib.


Vüsal törətdiyi əmələ görə səmimi peşman olduğunu bildirib. O, Habillə barışdıqlarını, dəymiş ziyanın tam şəkildə ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı artıq şikayət və tələbinin olmadığını diqqətə çatdırıb.

 

Kamal Məmmədov 

Tarix: 20 May 2026, 08:15   
Chosen
48
pravda.az

1Sources