EN

Vens: İran çox mürəkkəb bir ölkədir...

ABŞ vitse-prezidenti Tehran ilə danışıqların gədiş istiqamətinin hələ də qeyri-müəyyən olduğunu etiraf edib...

Poliqon xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla müzakirələrin mürəkkəbliyini açıqca etiraf edib. O bildirib ki, əgər İran nüvə silahı əldə edərsə, bir çox başqa ölkələr də öz nüvə silahlarına sahib olmaq istəyəcək və Tehran yeni nüvə silahlanması yarışında "öncü" olacaq.

Vens ABŞ-İran münasibətlərinin "yenidən qurulması" imkanının mövcud olduğunu vurğulayıb. "Prezident məhz bunu bizdən istədi və biz bu istiqamətdə işləməyə davam edəcəyik, lakin tangoda iki nəfər iştirak edir. Biz İrana nüvə silahı əldə etməyə imkan verəcək heç bir saziş bağlamayacağıq", deyə o bildirib.

Vens prezident Trampın "hər şeyə hazır" olduğunu da vurğulayıb.

"Biz bu yolla getmək istəmirik, lakin lazım gəlsə, prezident buna hazır və qadirdir", deyə vitse-prezident əlavə edib.

İranın danışıqlardakı mövqeyinə toxunan Vens qeyri-müəyyənliyini gizlətməyib.

"İran çox mürəkkəb bir ölkədir. Mən onu tam başa düşdüyümü söyləyə bilmərəm. Bəzən İran tərəfinin danışıqlardakı mövqeyinin nə olduğu tam aydın deyil. Bəzən isə İranlıların danışıqlar nəticəsində nəyə nail olmaq istədiyini anlamaq çətindir", deyə o bildirib.

Vens İranın saziş bağlamaq istədiyini düşündüyünü qeyd etsə də, ehtiyatlı mövqeyini qoruyub. "Düşünürəm ki, İranlılar saziş istəyir... lakin biz sülh sazişini faktiki olaraq imzalayana qədər razılığa çatacağımızı qətiyyətlə iddia etməyəcəyəm", deyə o bildirib.

Poliqon.info

Chosen
91
poliqon.info

1Sources