EN

Balakəndə keçirilən konfransda Qarabağdakı “Ağıllı şəhər” konsepsiyasından və WUF13 ün əhəmiyyətindən danışılıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Balakən, 19 may, AZƏRTAC

Balakəndə “Erkən Orta əsrlərdə şimal-qərbi Azərbaycanda şəhərsalma və memarlığın inkişafı” mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin nümayəndələri, həmçinin müəllimlər, mədəniyyət işçiləri, tarixçilər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini anıblar, sonra Dövlət Himni səsləndirilib.

Konfransda çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Turan Dibirov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bu qərar sözügedən sahədə tarixi ənənələrin yaşadılmasına və mütərəqqi yanaşmaların tətbiqinə yönəlmiş mühüm bir çağırışdır. Təsadüfi deyil ki, məhz bu ildə Bakı şəhəri dünyanın ən nüfuzlu qlobal tədbirlərindən biri olan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edir. Bu mötəbər platforma Azərbaycanın dayanıqlı şəhərsalma sahəsindəki milli hədəflərini və qabaqcıl təcrübələrini dünya ictimaiyyətinə təqdim etmək üçün böyük imkanlar yaradır.

Qeyd olunub ki, dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə — Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri müasir urbanizasiya tarixinin ən maraqlı nümunələrindəndir. Burada şəhər və kəndlər ekoloji standartlara uyğun şəkildə qurulur, alternativ enerji layihələri həyata keçirilir və "ağıllı" idarəetmə sistemləri tətbiq olunur. Azərbaycanın bu genişmiqyaslı post-münaqişə bərpa modeli Bakıda keçirilən WUF13-də əsas müzakirə mövzularından biridir. Dünyanın dörd bir yanından paytaxtımıza toplaşan urbanistlər və ekspertlər Qarabağda tətbiq edilən bu nadir "sıfır emissiya" və "ağıllı şəhər" konsepsiyalarını yerindəcə öyrənmək fürsəti qazanıblar.

Daha sonra AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktor vəzifəsini icra edən filologiya elmləri doktoru, dosent Kamil Adışirinov çıxış edərək konfransın əhəmiyyətindən söz açıb. Bildirib ki, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin keçmişi var. Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. Qeyd olunub ki, Bakıda keçirilən WUF13 Azərbaycanın bu zəngin irsini beynəlxalq müstəvidə təqdim etmək, eyni zamanda, müasir şəhərsalma sahəsində əldə olunan nailiyyətləri nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Forum çərçivəsində aparılacaq müzakirələrin dayanıqlı şəhərlərin formalaşdırılması, tarixi-mədəni irsin qorunması və innovativ yanaşmaların tətbiqi istiqamətində yeni əməkdaşlıq imkanları yaradacağı vurğulanıb.

Konfransda Şəki Regional Elmi Mərkəzin Tarix və epiqrafika şöbəsinin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin “Balakən-Zaqatala bölgəsində antik və erkən orta əsrlərdə şəhərsalma və memarlıq ənənələri”, Şəki Regional Elmi Mərkəzin Arxeologiya və etnoqrafiya şöbəsinin rəhbəri Elşən Abdurahmanovun “Qafqaz Albaniyasının Şəki vilayətinin erkən orta əsr memarlıq abidələri”, Zaqatala Tarix Mədəniyyət Qoruğunun direktoru Anar Laçınovun “Zaqatala memarlığının dünəni və bugünü” və Qax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Mahir Əfəndinin “Qax rayonunda şəhərsalma və memarlıq həlli baxımından tarixi-mədəni irsin izləri” mövzusunda məruzələri dinlənilib.

Müxbir - Rasim İslamoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
35
azertag.az

1Sources