EN

Rusiyada namaz qılan miqrant barəsində SƏRT QƏRAR

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayış binasının qarşısında küçədə namaz qılan Özbəkistan vətəndaşı məhkəmə qərarı ilə 30 min rubl cərimələnib və ölkədən deportasiya olunub.

"Cebheinfo.az" xəbər verir ki, qərar miqrant icmaları arasında narazılıq yaradıb və Rusiyanın miqrantlara qarşı sərt siyasətinin yeni nümunəsi kimi qiymətləndirilib.

Hadisə Sankt-Peterburqun Primorski rayonundakı Savuşkina küçəsində yerləşən yaşayış binasının qarşısında baş verib. Soyadının Dadaboyev olduğu bildirilən Özbəkistan vətəndaşı mayın 12-si axşam saat 19:45 radələrində binanın qarşısındakı otluq sahəyə pencəyini sərərək namaz qılmağa başlayıb.

Həmin vaxt ərazidə patrul xidməti aparan polis əməkdaşları şəxsi namaz qılarkən görüblər. Şahidlərin sözlərinə görə, o, ayaqyalın şəkildə ibadət edirdi.

Primorski Rayon Məhkəməsi hadisəni araşdıraraq Özbəkistan vətəndaşını “missionerlik fəaliyyəti” aparmaqda təqsirli bilib.

Məhkəmə qərarında bildirilib ki, təqsirləndirilən şəxs yalnız fərdi ibadətlə kifayətlənməyib, eyni zamanda “dini təlimlə bağlı məlumatları həmin dini icmaya daxil olmayan şəxslərə yayaraq onları bu icmaya cəlb etməyə çalışıb”.

Məhkəmə onun “imam kimi davrandığını” və açıq ictimai məkanda namaz qılmaqla ətrafdakı insanları da bu ibadətə cəlb etməyə çalışdığını qeyd edib.

Buna görə hadisə “missionerlik fəaliyyəti” kimi qiymətləndirilib. O, ittihamları qəbul etdiyini, lakin bunu qəsdən etmədiyini bildirib.

Lakin məhkəmə bu müdafiəni yetərli hesab etməyib və qanunları bilməməyin məsuliyyətdən azad etmədiyini vurğulayıb.

Məhkəmə şəxsi Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 5.26-cı maddəsinin 5-ci bəndi üzrə təqsirli bilib.

Həmin maddə “Vicdan azadlığı, dini etiqad azadlığı və dini birliklər haqqında qanunvericiliyin pozulması” ilə bağlıdır və xüsusilə xarici vətəndaşların missionerlik fəaliyyətini tənzimləyir.

Qərara əsasən, şəxs 30 min rubl (təxminən 350 dollar) məbləğində cərimələnib və Rusiyadan deportasiya olunmasına qərar verilib. Deportasiya prosesi başa çatana qədər onun saxlanma mərkəzində qalacağı bildirilib.

Rusiyada 2016-cı ildə qəbul edilən qanunla missionerlik fəaliyyəti ciddi qaydalarla məhdudlaşdırılıb. Qanuna görə, dini təbliğ fəaliyyəti yalnız rəsmi qeydiyyatdan keçmiş dini qurumların ibadət yerlərində, dini obyektlərdə, qəbiristanlıqlarda və həmin qurumlara aid digər məkanlarda həyata keçirilə bilər.

Yaşayış binalarının həyətləri, parklar, küçələr və digər ictimai məkanlar bu siyahıya daxil deyil. Qanun xüsusilə xarici vətəndaşların dini fəaliyyətini hədəf alır.

Rusiya hakimiyyəti bu qaydaları ekstremizm və terrorizmlə mübarizə məqsədi ilə əsaslandırır. Lakin tənqidçilər qanunun tətbiqində ikili standartların olduğunu bildirirlər.

Onların sözlərinə görə, Rus Pravoslav Kilsəsinə bağlı şəxslərin təşkil etdiyi dini mərasimlər adətən araşdırmaya cəlb edilmir.

Məhkəmə qərarı xüsusilə Mərkəzi Asiya mənşəli miqrant icmaları arasında geniş rezonans doğurub.Sosial şəbəkələrdə çox sayda istifadəçi qərara etiraz edib. Bəzi paylaşımlarda “Namazı dayandırmaq mümkün deyil, qılırdıq və qılmağa davam edəcəyik” ifadələri yer alıb.

Digər istifadəçilər isə hadisənin arxasında şəhərdə məscid çatışmazlığının dayandığını vurğulayıblar: “Səbəb var idi. Görünür, yaxınlıqda məscid yox idi”, - deyə şərhlərdə bildirilib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
1
cebheinfo.az

2Sources